Bizi sosial şəbəkələrdən izləyin:
“Bütün dünya, İslam aləmi bizim bu nadir təcrübəni bəyənir, öyrənir, özlərində tətbiq etmək istəyirlər. Bu, Azərbaycan dövlətinin adına böyük uğur və göz bəbəyimiz kimi qorumalı olduğumuz qiymətli nailiyyətdir”
Bunu Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fevralın 27-də keçirilən toplantısında Şeyxülislam Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, bu əsnada, ölkəmizin şimal hissəsində müstəqilliyimizi gözü götürməyən qüvvələrin multikultural Azərbaycanda etnik zəmində parçalanma, İslam dünyası üçün nümunəvi olan ölkəmizdə dini müstəvidə nifaq təşviq edərək siyasi məqsədlərinə çatmaq yönündə bəzi hərəkətləri ilə bağlı narahatlığını dilə gətirməyə bilmir: “Müstəqilliyimizi həzm edə bilməyən, məkrli siyasi məqsədlər naminə din adından sui-istifadə edərək təhdidlər törədən ekstremist hərəkatların, xüsusilə də “Meşə qardaşları” və digər bu kimi mənfur radikal cərəyanların fəallaşmasının qarşısını Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları almaq iqtidarındadırlar. Lakin bəziləri bunu dini ekstremizm kimi qələmə verirlər. Halbuki, sülh, anlaşma, əmin-amanlıq dini olan, bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı cinayət sayan İslam dininin adının ekstremizm sözü ilə yanaşı çəkilməsi qəbuledilməzdir. Kütləvi informasiya vasitələri, siyasi şərhçilər və ekspertlərə din pərdəsi altında təxribat, terror, din adından siyasi məqsədlərlə sui-istifadə, dini zəmində pozucu fəaliyyətlərə dair şərh və fikir mübadilələrində çox ehtiyatlı olmalarını tövsiyyə edirik. Müstəqilliyimizin düşmənləri, siyasi güc və hərbi qüdrətimizi ölkə daxilində və xaricində gözü götürməyənlər, o cümlədən, revanşizmi alovlandıran erməni kilsəsinin hədəfi ölkəmizdə hökm sürən milli və dini birliyi, siyasi-ictimai sabitliyi pozmaq, dövlətçiliyimiz və suverenliyimiz əleyhinə təxribatlar törətmək, separatizmi təşviq etmək, gənclərimiz arasında zərərli ideologiyalar yaymaq, məzhəblərarası anlaşma mühitinə xələl gətirməkdirsə, hər bir azərbaycanlı bu təhlükənin qarşısının alınmasında əlindən gələni əsirgəməməlidir. Biz din xadimləri bu həssas məsələlərdə xüsusilə sayıq olmalıyıq. Hər bir qazı təyin olunduğu bölgədə bu məsələlərə məsuldur. Dindarlarımız bu məsələdə dövlətimizin siyasi mövqeyini və qətiyyətli addımlarını dəstəkləyirlər. Qazılarımız, imamlarımız, səlahiyyətli nümayəndələrimiz dövlətimizin yanındadırlar və bu xəyanətkar niyyət və məkrli təxribatların ifşa olunaraq zərərsizləşdirilməsi yönündə müvafiq dövlət orqanları - hüquq-mühafizə və xüsusi xidmət orqanlarına yardımçı olmalıdırlar. Dünya miqyasında məzhəblərarası anlaşma mühitinə misal olaraq göstərilən Azərbaycanda məzhəb müstəvisində yalançı çaxnaşma yaratmaq oyunu puç olmağa məhkumdur”.