“Atam Cahid Hilaloğlunu döymüşdülər, mənə dedi ki, qorxma, aslanı yaralayıblar” - FOTO
Cəmiyyət
660
12:34, Bu gün

“Atam Cahid Hilaloğlunu döymüşdülər, mənə dedi ki, qorxma, aslanı yaralayıblar” - FOTO

“Cahid Hilaloğlu mənim mənəvi atam, müəllimim idi. Evimizdə hər zaman vətənimizin tarixi haqqında söhbətlər olurdu. O əsl vətənpərvər insan idi. Azərbaycanın gələcəkdə müstəqil bir dövlət olacağını deyirdi. Onun söylədiyi bu fikirlərdən bəzən qorxuya düşürdüm. Sovet dövründə öz əlləriylə tikdiyi bayrağı Qız qalasından asdığına görə 10 il sürgün edilib, əzablı günlər yaşayıb. Hər il onu KKB çağırırdı. Bir dəfə yadıma gəlir.. Gecə saatları idi. Birdən qapı açıldı və Cahid müəlim üz-gözü qan içində evə daxil oldu. Qorxudan mən ağlamağa başladım. O isə “ceyran bala, qorxma, aslanı yaralayıblar” deyərək məni sakitləşdirməyə başladı. Cahid  Hilaloğlunun övladı yox idi. Mən ondan sözün əsl mənasında atalıq görmüşəm”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. O daha sonra əlavə edib:
 
“Vətənimizin müstəqilliyi uğrunda həyatlarını, ömürlərini qurban verən qəhrəmanlarımız olub. Əfsuslar olsun ki, onlar haqqında nə filmlər çəkilir, nə də məqalələr yazılır. İnsanlar onları tanımalıdırlar. Düzdür, Cahid Hilaloğlu haqqında ara-sıra məqalələr yazılırdı, amma bu da çox azdır. Qəhrəmanlarımızı ümumiyyətlə biz tanımalıyıq, məlumat toplamalıyıq. Vətənpərvərlik mövzusunda da filmlər çəkilməlidir. Kino çox gözəl və böyük təsir vasitəsidir. Bilmirəm niyə görə çəkilən serial və filmlərdə yalnız məişət mövzularından danışırlar? Bu yetər deyilmi? Adını aktyor-aktrisa qoyanlar da bəh-bəhlə orada çəkilirlər. Mən onları da qınamıram, sənətçi dolanmalıdır. Rejissor, ssenari güclü olmalıdır. O bunu vurur, bu onu öldürür, ərinə başqa kişi ilə xəyanət edir. Ancaq şiddət, mənfi şeylər təbliğ olunur. Sonra da deyirlər ki, oğurluq, ölüm, boşanma halları artıb. Çünki nə təbliğ olunursa, ona doğru gedirlər. Kino böyük bir kütləni arxasınca aparan sənət sahəsidir. Hər əlinə kamera alan rejissor olan günündən bu sahədə vəziyyət belədir” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər