“Paşinyan əvvəlkitək Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir”-politoloq
Cəmiyyət
304
26 Feb 2025 | 22:48

“Paşinyan əvvəlkitək Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir”-politoloq

“Baş nazir Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bildirib.
 
“Tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib”, deyən Paşinyan Bakının İrəvanın kommunikasiyaların açılması təklifinə də müsbət cavab vermədiyini vurğulayıb”.
 
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
 
Analitik əlavə edib ki, Paşinyan rəsmi Bakının İrəvanın silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi təklifini də cavabsız qoyduğunu bildirib:
 
“Nikol Paşinyanın silahlanmaya nəzarətlə bağlı söylədiyi müzakirə predmeti deyil. Bu bənd sülh sazişinin mətnində yoxdur. Müharibədə məğlub olan ölkənin qalib ölkəyə “gəl silahlarımıza qarşılıqlı nəzarət edək” təklifinin irəli sürülməsi məntiqsizdir. Tarixdə də belə bir hal olmayıb ki, qalib ölkə məğlub ölkənin tələbini yerinə yetirsin. Bir də ki, Azərbaycanın silahlanması yalnız Ermənistanla əlaqəli deyil, bölgədə müxtəlif çağırışlara hazır olmalıyıq. Paşinyanın “tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib” ifadəsinin ünvanı Bakı deyil, İrəvandır. Paşinyan Avropa İttifaqının və Fransanın istəyi ilə Ermənistanda müşahidəçilər yerləşdirməsəydi, bu məsələ Bakı ilə İrəvan arasında fikir ayrılığına səbəb olmazdı. İki ölkə arasında sülh danışıqları aparılırsa və sülh sazişi imzalanacaqsa gərginlik yaradan müşahidəçilər bölgəni tərk etməlidirlər. Bu rəsmi Bakının haqlı tələbidir. Onların sərhəd boyu hərəkət etmələri, Avropadan gələnlərin daima durbinlə Azərbaycana boylanmaları iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrilib. Kommunikasiyaların açılmasına gəldikdə Paşinyan iki variant təklif edib. Onun birinci təklifi budur ki, Ermənistan Azərbaycandan Naxçıvana keçidi İrandan keçən yol kimi eyni prinsiplə açmağa hazırdır. Bunu əvvəl də bir neçə də söyləyib. İkinci təklifi isə odur ki, İrəvan qarşılıqlı əsasda yolun işləmə rejimini sadələşdirməyə hazırdır”. Politoloq bildirib ki, bu da yeni təklif deyil: “Göründüyü kimi, Paşinyan əvvəlkitək Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir”.
 
Link kopyalandı!
Son xəbərlər