Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, aparatının məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri və fəalları, Bərdədə müvəqqəti məskunlaşmış Xocalı sakinləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Rəsmi hissədən öncə tədbir iştirakçıları rayon məktəblilərinin “Xocalıya ədalət” adlı rəsm sərgisi ilə tanış olublar.
Tədbiri açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Xocalı faciəsi ilə əlaqədar məruzə edib. Xocalı faciəsinin bütünlükdə insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu vurğulayıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfəri, həmçinin uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğunu, Xocalının da separatçılardan tam təmizləndiyini, Xocalı qurbanlarının qanının yerdə qalmadığını qeyd edib. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xocalıda da geniş miqyaslı quruculuq işlərinin aparıldığını, xocalıların doğma yurdlarına qayıdışı prosesinin hazırda davam etdiyini bildirib. Rayon başçısı Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istqiamətində dövlətimiz tərəfindən görülən ardıcıl işlərdən də bəhs edib.
Sonra Bərdədə müvəqqəti məskunlaşmış Xocalı sakini, Milli Qəhrəman Şakir Salahovun qardaşı Akif Salahov, 44 günlük Vətən müharibəsi şəhidi Əlzamin Ramazanlının anası Adilə Ramazanova çıxış edərək həmin gecə baş vermiş faciənin canlı şahidləri olaraq gördüklərini tədbir iştirakçıları ilə bölüşüblər. 44 günlük Vətən müharibəsi şəhidi Asəf Əsgərovun atası İlqar Əsgərov da çıxış edərək bu qanlı tarix şanlı tarixə çevirən, vətən oğullarının Vətən müharibəsində göstərdikləri şücaətlərdən bəhs edib.
Sonda Xocalı şəhidlərinin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ruhlarına dualar oxunub.