Xocalı Soyqırımı – 33 il
Cəmiyyət
497
11:46, Bu gün

Xocalı Soyqırımı – 33 il

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür.
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. Ümummilli lider deyirdi ki, "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir",  "Amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq".
 
Azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu. 
Osman Azad oğlu Əhmədzadə,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
 
 
 
Link kopyalandı!
Son xəbərlər