Media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilər
Cəmiyyət
289
20:33, Bu gün

Media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Novruz Bayramı ərəfəsində Su çərşənbəsi, Beynəlxalq Poeziya və Ümumdünya Su Resursları Gününə həsr olunmuş “Su Aydınlıqdır” mövzusunda Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində tədbir keçirib.
 
 
Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev, yazıçı İlqar Fəhmi, xalq şairi Vahid Əziz, Mətbuat Şurasının idarə heyətinin üzvü, professor Qulu Məhərrəmli, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova və media qurumlarının nümayəndələri iştirak ediblər.
 
Tədbirin açılışı nitqini İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev söyləyərək, qonaqları salamlayıb. Daha sonra sədr müavini Cabbar Cabbarlı su təsərrüfatı haqqında və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə bağlı məlumat verib. Tarixən suyun əhəmiyyətindən və insan həyatındakı rolundan söz açan şair, yazıçı İlqar Fəhmi və Vahid Əziz isə öz nitqlərini şeirlə tamamlayıblar.
 
Növbəti çıxışda professor Qulu Məhərrəmli su təsərrüfatında media nümayənədələrinin rolunu və su təchizatı sahəsində Xidmətlə daim əməkdaşlığın, sıx kommunikativ əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb. AMEA-nın elmi işçisi İlhamə Qəsəbova isə su anlayışının folklorda təsvirindən və ümumilikdə hər sahədə olduğu kimi ədəbiyyatda da məhz suya ayrılan dəyərdən söz açıb.
 
 
Tədbirin rəsmi çıxış hissəsi yekunlaşdıqdan sonra qonaqlar və media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Su Təmizləyici Qurğular Kompleksinin SCADA otağında Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini Oruc Bayramovun müşayiəti ilə kompleksdə suyun ümumi idarəedilmə mexanizmi ilə tanış olublar.
 
Daha sonra idarəetmə sistemi ilə bağlı media qurumlarının suallarını Suyun təhlükəsizliyi və ekologiya şöbəsinin müdiri Cəmil Babayev və İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov cavablandırıb. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə daha yaxından və əyani şəkildə tanış olmaq üçün qonaqlar və media nüməyəndələri Kompleksin ərazisində gəzintiyə çıxıblar. Burada mövcud olan su təmziləyici qurğular nümayiş etdirilərək hər biri haqqında ayrılıqda məlumat verilib. Ceyranbatan Su Təchizatı İdarəsinin aparıcı mühəndisləri ilə media təmsilçilərinin fikir mübadiləsi aparılıb.
 
 
 
Link kopyalandı!
Son xəbərlər