Bizi sosial şəbəkələrdən izləyin:
Son aylarda Azərbaycanda kərə yağı qiymətlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata yüksələrək 2,3% artım göstərib. Eyni dövrdə idxal kərə yağının qiyməti isə 19,53 manatdan 19,79 manata qalxaraq 1,3% artım olub.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycanda yerli yağ istehsalı demək olar ki, yoxdur:
“Amma yerli şirkətlərin brendi adı altında bazara çıxarılan yağ var. Xaricdən gətirilib Azərbaycanda qablaşdırılan yağın bazarda Azərbaycan məhsulu kimi satıldığının şahid oluruq. Dünyada qiymətlər artanda bu zaman bizdə də artım olur. Fərq etmir ki yağlar xaricdən birbaşa satış üçün gətirilir, ya qablaşdırma üçün. Hər bir yağın özünün qiyməti artır. Bizdə ona görə qiymətlər yüksəkdir ki, əsl yerli istehsal yağ çox azdır. Yerli istehsal olunan yağ 10-12 faizdən artıq deyil. Biz 88-90 faiz xaricdən asılıyıq. Bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Çünki logistika bahadır, yol xərcləri artır və nəticə etibarilə yerli bazarda da qiymətlər bu qədər yüksəkdir”.