Əksər hallarda soyuq ətrafların simptomu sərin temperatur və fiziki aktivliyin olmaması ilə əlaqələndirilir, lakin bu, eyni zamanda ciddi sağlamlıq problemlərinin də əlaməti ola bilər.
Bu barədə rusiyalı kardioloq-həkimi, funksional diaqnost, tibb elmləri namizədi İrina Polyayeva "Gazeta.Ru" ilə söhbətində xəbərdarlıq edib.
Onun sözlərinə görə, qanda hemoqlobin səviyyəsinin aşağı olması (anemiya) da əllərin və ayaqların soyuq olmasına səbəb olur, çünki toxumalar kifayət qədər oksigenlə təmin olunmur.
"Bundan əlavə, soyuq ətrafların əsas səbəblərindən biri qeyri-kafi qan dövranıdır. Bu, məsələn, ateroskleroz səbəbindən damarların daralması ilə baş verə bilər ki, bu zaman arteriya divarlarında xolesterin toplanır. Əgər qan ətraflara sərbəst şəkildə dolaşa bilmirsə, onlar soyuq hiss oluna bilər", - deyə o bildirib.
Mütəxəssis bəzi sinir sistemi xəstəlikləri, məsələn, Reyno sindromunun qan damarlarında spazmalara səbəb ola biləcəyini və orqanizmin qan təchizatını azalda biləcəyi barədə xəbərdarlıq edib.
"Belə proseslər zamanı insanlar adətən dərilərinin rənginin dəyişdiyini, eləcə də yüngül sancma hissi keçirdiklərini müşahidə edirlər. Qalxanabənzər vəzin qeyri-kafi fəaliyyəti (hipotireoz) maddələr mübadiləsini ləngidə bilər ki, bu da bədən temperaturunun azalmasına və ətrafların soyuq olmasına gətirib çıxarır. Bu vəziyyətdə yorğunluq, çəki artımı və dərinin quruması kimi digər simptomlar da müşahidə oluna bilər. Şəkərli diabet xəstələrində isə diabetik neyropatiya - sinirlərin zədələnməsi inkişaf edə bilər ki, bu da qan dövranını pisləşdirir və ətraflarda soyuqluq hissi yaradır", - deyə kardioloq qeyd edib.
O, ətraflarda tez-tez soyuqluq hissi yaranarsa, diaqnostika üçün mütəxəssisə müraciət etməyi tövsiyə edib.
"Qısa müddətli tədbir kimi qan dövranını yaxşılaşdırmaq üçün məşqlər tövsiyə oluna bilər. Bundan əlavə, isti geyim və corab geyinmək, otaqda rahat temperatur saxlamaq da kömək edər. Unutmayın ki, soyuq əllər və ayaqlar təkcə xoşagəlməz simptom deyil, həm də daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Bu vəziyyəti laqeyd qoymayın və özünüzü diqqətlə izləyin", - deyə İrina Polyayeva məsləhət görüb. (Oxu.Az)