Ömürlük məhbusların yaxınları Prezidentə müraciət etdi
Cəmiyyət
294
16:34, Bu gün

Ömürlük məhbusların yaxınları Prezidentə müraciət etdi

Ömürlük Məhbusların Hüquqlarının Müdafiəsi Komitəsinin toplantısı keçirilib. Komitənin sədri Akif Nağı gözlənilən əfv fərmanı ilə bağlı mətbuata çıxan məlumatları diqqətə çatdırıb, qeyd edib ki, ömürlük məhbusların günahlarına heç kəs bəraət qazandırmır, amma onlar da Prezidentin mərhəmətinə möhtacdırlar, əksəriyyəti ağır xəstəliklərdən əziyyət çəkir, səhvlərini başa düşüblər, cəmiyyət üçün heç bir təhlükə təşkil etmirlər. Ömürlük məhbusların yaxınlarından Təranə Məmmədova, Aytac Əmiraslanova, Raci Babayev, Nübar Qasımova, Rəfiqə Qurbanova, Vəfa Poladova, Nailə Vəliyeva, Gülarə Saniyeva və digrələri cənab İlham Əliyevin mərhəmətinə, humanistliyinə sığındıqlarını bildirib, yaxınlarının əfv olunmasını xahiş ediblər. 
 
Sonda ömürlük məhbusların yaxınları Prezident İlham Əliyevə müraciət ediblər.
 
Müraciətdə göstərilir: 
 
"Hörmətli Cənab Prezident. 
 
Bir qrup ömürlük məhbusların yaxınları olaraq Sizə müraciət edirik. Ömürlük məhbusların valideyini, həyat yoldaşı, qardaşı, bacısı, övladları olaraq Sizin mərhəmətinizə ehtiyacımız var. Uzun müddət həbsdə olan bu insanların yeganə ümid yeri Sizsiniz. Onların hamısı artıq ağır xəstəliklərə düçar olub, taqətsiz hala düşüblər. Onların hər biri cinayət törədib, bu cinayətlərə görə cəzalarını çəkib, bu cinayətin bədəlini sağlamlıqları ilə ödəyiblər. Biz, ömürlük məhbusların yaxınları da onlarla birlikdə bu illər ərzində cəza çəkmişik, ağır həyat şəraitinə düşmüşük, türmələrin qapılarında qalmışıq. 
 
Cəmiyyətdə “Qarabağ partizanları” adı ilə tanınan dəstənin üzvü Məmmədov Məmməd Əli oğlu 22 il, OMON-çulardan Əmiraslanov Elçin Səməd oğlu 30 il, Poladov Səfa Alim oğlu 30 il, Kazımov Arif Nazim oğlu 30 il, digərləri Babayev Hüseynağa Əmralı oğlu 30 il, Kərimov Dəyanət Kərim oğlu 31 il, Ələsgərov Nizami Zirəddin oğlu 30 il, Qurbanov Elyaz Şirin oğlu 31 il, Şərifov Murov Kamal oğlu 25 il, Rzaxanov Şakir Hacımurad oğlu 30 il, Məmmədvəliyev Səbuhi Seyfəddin oğlu 26 il, Saniyev Samir Fəxrəddin oğlu 13 ildir ki, həbsdədirlər. 
 
Hörmətli Cənab Prezident.
 
Siz Azərbaycanın qalib Prezidenti, müzəffər Ali Baş Komandanısınız. Siz Azərbaycan üçün heç kəsin edə bilmədiyini etmisiniz. Sizdən çox-çox xahiş edirik ki, bizim də yaxınlarımızın azadlığa çıxması, əfv olunması üçün addım atasınız. Sizin insafınıza, xeyirxahlığınıza, humanistliyinizə sığınır, səsimizi, xahişimizi eşidəcəyinizə inanır, əvvəlcədən təşəkkür edirik.
 
24.02.2025. 
Ömürlük Məhbusların Hüquqlarının 
Müdafiə Komitəsinin Mətbuat Xidməti."
Link kopyalandı!
Son xəbərlər