Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün Bakıda hava şəraitinə görə ictimai nəqliyyat, xüsusilə də avtobuslarla bağlı yaranan vəziyyət vətəndaşların narazılığına səbəb olub. Belə ki, əksər marşrut üzrə hərəkət edən avtobuslar tapşırığa əsasən depoya getdiklərini deyiblər. Onlar bunu havanın şaxtalı və yolların sürüşkən olması ilə əsaslandırıblar. Nəticədə sərnişinlərin əksəriyyəti yolda qalıb. Halbuki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fevralın 23-də avtobusların 21:00-a kimi işləyəcəyini açıqlamışdı.
Avtobusların depoya getməsinin əsl səbəbi nədir?
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, avtobusların qeyd edilən saatlarda depoya getməsinin səbəbkarları yolları qardan təmizləməli olan Başı Şəhər İcra Hakimiyyəti, rayon icra oqranları, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir:
“Bu qurumlar yenə də yarıtmadılar, cəmiyyətdə onlara qarşı ikrah hissi yarandı. İllər keçsə də, müvafiq qurumlar işlərini doğru qurmurlar. Yolları vaxtında təmizləmirlər. Səmimi desək, iki il bundan qabaq daha operativ idilər, indi isə biabırçı vəziyyət müşahidə olunur. Yol təmizlənmirsə, avtobus necə hərəkət etsin? Bu nəqliyyat növünün 300, 400 min manat qiyməti var, bahalıdır. Onları necə xəttə buraxsınlar? Qəza edəcəklər və ya başqası vuraraq zədələyəcək. Nəticədə avtobuslar da yollarda qalacaq. Ona görə də mən “BakuBus” və ya digər daşıyıcıları qınamıram”.
Ekspert bildirib ki, avtobusların xətdən tez çıxması məhz müvafiq qurumların işini normal görməməsi ilə əlaqəlidir:
“Təcili yardım maşınları yolda qaldı. Polislər küçələrdə vətəndaşlara xidmət göstərməyə, duz səpməyə başladılar. Səkilərə sürüşkən tametlər düzürlər. Bunu hansı məsuliyyətsiz adam edir? İnsanları niyə təhlükəyə atırlar? Buna göz yuman məmur, icra başçısı hara baxır? Ona görə avtobuslarla bağlı vəziyyətdə onları qınamıram. Yol bərbaddırsa, küçədə hərəkət etmələri də mümkünsüz olur”.