Cəmiyyət
635
23 Feb 2025 | 16:21

"Böyük Britaniya və Fransa Ukraynada 30 min sülhməramlı yerləşdirməyi planlaşdırır" - "The Wall Street Journal"

"Xarici qoşunların sülhməramlı missiyası Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilməz..."
 
Böyük Britaniya və Fransa Moskva və Kiyevin atəşkəs barədə razılığa gələcəyi təqdirdə Ukraynada 30 minədək Avropanın sülhməramlı qüvvələrini yerləşdirmək üçün plan hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri Avropa rəsmilərinə istinadən xəbər verir.
 
Avropanın yeni planı ABŞ-ın öz hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsini nəzərdə tutmasa da, Amerika hərbi potensialına ehtiyac duyulacaq. Rəsmilərin sözlərinə görə, bu, Avropa qoşunlarının təhlükə altına düşəcəyi halda onların müdafiəsi və Rusiyanı hər hansı atəşkəsi pozmaqdan çəkindirmək üçün vacibdir.
 
Beləliklə, ABŞ qonşu ölkələrdəki hava hücumundan müdafiə sistemlərindən istifadə edərək Ukraynanı qorumağa kömək edə bilər və eyni zamanda avropalılara digər hava hücumundan müdafiə sistemləri təqdim edər. Ukraynadan kənarda yerləşən ABŞ Hərbi- Hava Qüvvələri isə Avropa qoşunlarına təhlükə yaranacağı halda onlara dəstək verməyə hazır olmalıdır.
 
Böyük Britaniya baş naziri Kir Starmerin cümə axşamı Tramp ilə bu planı müzakirə edəcəyi gözlənilir, lakin hələlik ABŞ-dan konkret dəstək istənilməsi ehtimalı azdır. Fransa prezidenti Emmanuel Makron isə bazar ertəsi Tramp ilə görüşəcək və müttəfiqlərin müharibəyə baxışı, eləcə də Ukraynanın təhlükəsizliyinin təmin edilməsi yolları barədə geniş fikir bildirəcək.
Plana əsasən, Böyük Britaniya və Fransa qüvvələri, o cümlədən dəniz və hava qüvvələri, təminat qüvvələrinin əsasını təşkil edəcək. Onlar Ukraynanın şərqindəki cəbhə xəttində yerləşdirilməyəcək, əksinə, mühüm infrastruktur obyektləri, şəhərləri və limanları, o cümlədən Qara dənizdəki əraziləri qoruyacaq.
 
Cəbhə xəttindəki vəziyyəti izləmək üçün pilotsuz uçuş aparatları və peyklərdən istifadə ediləcək ki, Rusiyanın atəşkəs rejiminə əməl edib-etmədiyi müəyyən olunsun.
 
"Ukraynanın geniş və döyüş qabiliyyətli ordusunun yaradılmasına beynəlxalq dəstək davam edəcək və Avropa qüvvələrinin məqsədi Kiyev ordusunu əvəzləmək olmayacaq", - nəşr qeyd edir.
 
Eyni zamanda, ABŞ ordusunun keçmiş baş komandanı Ben Hoces bildirib ki, Britaniya və Fransanın mərkəzi və qərbi Ukrayna şəhərlərində yerləşdiriləcək hərbi kontingenti Rusiyanı hərəkətlərindən çəkindirməyəcək. Ən yaxşı halda, bu, Rusiyanın yalnız həmin şəhərlərə raket hücumları təşkil etməsini əngəlləyə bilər.
 
Ukraynada sülhməramlılar - son xəbərlər
 
Böyük Britaniya baş naziri Kir Starmer Ukraynada sülh şəraitinin qorunması üçün Britaniya qoşunlarını göndərməyə hazır olduğunu bəyan edib. O, həmçinin digər Avropa liderlərini Ukraynaya hərbi yardımı azaltmamağa çağıracağını vəd edib.
 
Bununla yanaşı, Rusiya artıq bəyan edib ki, NATO üzvü olan ölkələrin hərbi kontingentinin Ukraynada yerləşdirilməsi onlar üçün qəbuledilməzdir.
 
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov isə hesab edir ki, xarici qoşunların Ukraynaya göndərilməsini ölkənin təhlükəsizliyinə zəmanət kimi görmək olmaz. O vurğulayıb ki, tarixdə heç vaxt sülhməramlıların öz əsas missiyalarını tam yerinə yetirdiyi bir nümunə yoxdur.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər