Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün özündə 100-ə yaxın ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası “Urbanizasiya proseslərinə iqlim dəyişmələrinin təsiri” mövzusunda hibrid görüş keçirib.
Koalisiya 2024-cü ildə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb.
Forumun İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən görüşdə “Afrihealth Optonet Association”un (AHOA-nın) rəhbəri Uzodinma Adirieye təqdimatla çıxış edib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov COP29 mirasına toxunublar.
Müzakirələrdə xarici QHT-lər 2026-cı ildə Azərbaycanın 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) da uğurla evsahibliyi edəcəyinə əminlik ifadə ediblər.
Ramil İskəndərli Koalisiya üzvlərinə məlumat verib ki, COP29 zamanı irəli sürülmüş təşəbbüsə uyğun olaraq, 2025-ci ilin aprelində Azərbaycanda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək. COP29 QHT Koalisiyasının üzvləri Qlobal Cənub QHT Platformasının tərkibində fəaliyyətlərini davam etdirmək, əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək arzusunda olduqlarını bildiriblər.
Müzakirələrdə bu prosesdə Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumunun səyləri və liderliyi yüksək qiymətləndirilib.