Amalı işıqlı ADAM!
Cəmiyyət
1706
14:20, Bu gün

Amalı işıqlı ADAM!

Salam Fəttah Səmədoğlu!
 
 
Dostum! Sevgisiz günlərdə 
düz yol da adama yoxuş gəlir.
Çəkdiyi dərddən, qəmdən, 
tanış üzdən, tanış səsdən, 
giley-güzardan, qeybətdən 
yorulur adam söz-söhbətdən. 
Üzündəki kədər mənə tanış gəlir. 
Gözlərindən daman qəm 
çəkdiyim qəmlər sayaq,
Hər çəkilən isti qəmin 
arxasınca yağış gəlir
Yağış gəlir, 
yağış gedək,
Qayıdaq ötən günün altına...!
 
Həmin ötən günlərdən biri, Qəbələyə çatmamış, yolun sağında , “Sahil” İstirahət mərkəzində, gölün sahilində, sakit bir guşədə süfrə açdılar.
 
 - Faiq, şairi tanıyırsanmı?
 - Çox yaxşı tanıyıram, Fəttah müəllim. Zakir Fəxri dostlarıyla, Musa Yaqubla ara-sıra bura təşrif gətirib qonağımız olurlar, xətirləri əzizdir. 
 
Fəttah Səmədoğlu yüz illərdir tanıyırmış kimi, yüz illərdi bir yolu yolçuluq edirlərmiş kimi sizə qarşı bir doğmalıq yaranmışdı məndə...
Sizi çox dərindən anlayırdım...
 
Dolğun, yetkin, mayası dəyərlərdən yoğrulmuş, saf su içmiş, daxilən səmimi, əxlaqlı Adam! İllərlə buna şahid oldum.
 
İsa Məsihin məşhur kəlamlarından birində: - İnsanı kənardan təsir edən heç bir şey onu çirkləndirə bilməz, insan yalnız öz içindəkilərdən çirklənər... 
Yaşadığınız ömrü heç nə dəyişə, çirkləndirə bilmədi.
 
Kimsəylə bölüşə bilməyəcəyim dərdləri, sirləri belə bölüşə biləcəyim Adam idiniz, Fəttah Səmədoğlu. Həmin o unudulmaz günün altında göm-göy, dubduru gölün sahilində ürəyimizi də süfrə kimi açmışdıq. Dünyanın keçmişindən bu günündən olub-keçənlərdən, dədə-nənələrdən, ata-analardan, acılı-şirinli günlərdən, ölkəmizin daxili, xarici durumundan açıq, səmimi söhbətlər etdik. Söz-sözü çəkərdi, fikir-fikiri...
 
Tez-tez mənə, - bir loxma çörək də ye, həmişə sənə irad tuturam bunu... hər oturanda biləsən heç nə yemirsən... Süfrədəki təamlar unudulmuşdu...
Yenə də İsa Məsihin deyimi düşdü yadıma, - İnsan tək bir çörəklə tox olmaz, onu Allahın kəlamı doyurar... Doğurdan da tez-tez misal çəkdiyimiz Allah kəlamları bizi doyurub toxtatmışdı...
 
Öz taleyindən, - uşaqlıq, müharibənin ilk, sondakı illərindən, məktəb, təhsil illərindən, o illərin çətinliklərindən qıtlıqdan, geyim-kecim tapılmayan illərdən yuxala-yuxala danışıb əməlli-başlı kövrəlmişdi Fəttah məllim...
 
-Zakir, müdrikcəsinə deyilib, - İçim özümü yandırır, çölüm özgəni…
 
(Yazının bu yerində əlimdən qələmi yerə qoyub, siqaret çəkmək üçün eşiyə, eyvana çıxdım. Ağ-appaq qar yağmağa başlamışdı...)
 
Kimin doğru, kimin yanlış yol getdiyini zaman özü üzə çıxarır Fəttah Səmədoğlu!
 
Müstəqilliyimizin bərpasının ən çətin, qarma-qarışıq illərində Heydər Əliyevin ən yaxın silahdaşlarından biri, atılan daşlardan, yerli-yersiz atmacalardan çəkinməyən, öz yolundan, əqidəsindən, inamından sona qədər dönməyənlərdən biri, Vətənin əsgər kişisi! Elə anadan olduğun gün də bir zamanlar ordu, əsgər günüydü...
Həmişə deyərdiniz, Bəxtiyar Vahabzadə sənin yazdığın “Qara Məlik haqda nəğmələr” əsərini  çox yüksək qiymətləndirir, dəyərləndirir...
 
Biri vardı, biri yoxdu...
Birinin dərdi səri çoxdu.
Birininki heç yoxudu.
Bizim bu balaca dünya 
Tapdanmış kilim kimi
Kirli idi.
Bu kilimin üstü ilə
Var-gəl edən Qara Məlik
Yamanca fikirli idi
Dünyanın üst-başı
Çəpər-çəpər yamaq idi,
Bircə fikri vardı məliyin
O da bu kirli kilimi
Suya çəkib yumaq idi...
 
Fəttah Səmədoğlu! Dünya gündən-günə dəyişir... Yediyimiz ərzaqların, daddığımız meyvəlirin geni dəyişir... insanların da geni damla damla dəyişir. Süni mayalanma, süni uşaq südü, süni uşaq qidaları... Min illərin dəyərləri, adət ənənələri əriyib yox olur... Ucuz şoular, ucuz həyat tərzi cəmiyyəti işğal altına alıb. Milləti bu işğaldan da azad etmək hamımızın borcudur.
Vətən şerimdə bir bənd var,
 
Yadıma düşəndə az qalır yanam...
Dağlarda al-yaşıl çarpayım qalıb...
Dünyadan çox erkən köçübdür anam,
Bilməyib, döşündə süd payım qalıb...
 
Ana südü içməyən körpələr böyüyür... Onlarda hansı düşüncə, hansı sevgi hissləri olacaq? Heç vətən hissi duyğusu olacaqmı? Bu möhtəşəm qələbəni, yüz illərin işğalından azad olmuş torpaqları, Vətəni hansı sevgiylə sevib qoruyacaqlar? Bu möhtəşəm qələbəni hansı nəsillər çiyinlərində daşıyacaq görəsən? Dünya başdan-başa maddiləşib...
 
Dünya yol ayrıcındadı Fəttah Səmədoğlu! Şerlərimdən ən çox sevdiyin birini məzarın başında oxuyub ayrılıram... Ruhunuz şad, məkanınız cənnət olsun, əziz dost!
 
O ağlayan kimdi elə?
Ağlaya-ağlaya gülür...
Sinəsini qan aparır,
Yarasının düyməsini
Bağlaya-bağlaya gülür...
 
Ocağı kül, közü gülən...
İçi yanıb, üzü gülən,
Göz yaşında gözü gülən
O ağlayan kimdi elə? 
 
Sığınıb qərib dağlara,
Batıb qalıb uzaqlara.
Qısılıb ötən çağlara
O ağlayan kimdi elə?
 
Baxıb şəkili düşən daşa,
Göydə süzən tənha quşa...
Uşaqlığıyla baş-başa
O ağlayan kimdi elə?
 
Dayanıb yolayrıcında,
Gözünün yaşı ovcunda.
Son Söz dilinin ucunda
O ağlayan kimdi elə?
 
P.S: 23 fevral uzun illər Milli Məclisin üzvü, Respublika Ağsaqqlalar Şurasının sədri olmuş görkəmli ictimai-siyasi xadim Fəttah Smədoğlu Heydərovun doğum günüdür.
Zakir Fəxri,
Şair
 
 
Link kopyalandı!
Son xəbərlər