Bizi sosial şəbəkələrdən izləyin:
Hər dəfə qar yağıb yollar buz bağlayanda çoxlu avtomobil qəzaları baş verir.
Qəzalarda tək səbəb yolların buz bağlamasıdır, yoxsa sürücülərin səhlənkarlığı və ya təcrübəsizliyi də rol oynayır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qəzalara səbəb təkcə yolların buz bağlaması yox, həm də sürücülərin qeyri-peşəkarlığı, avtomobilə vaxtında qulluq göstərməmələridir.
Onun sözlərinə görə, hər il bu barədə maarifləndirici söhbətlər edilsə də, faydası olmur:
“Bunun spesifik səbəbi var. Bakıya çox qar yağmadığı üçün bu hadisəyə qəfil yaxalanırıq. Tez-tez yağıntı olsa, sürücülər hazırlıqlı olar. Əksəriyyəti bilir ki, Bakıya çox qar yağmır, buna görə də xərc çəkib yeni təkər almaq istəmirlər. Ən azından, sürücülər bilməlidir ki, köhnə təkər və ya nasaz avtomobillə yola çıxmaq olmaz. Heç olmasa, hava haqqında məlumatla tanış olmaq lazımdır. Bütün gün sosial şəbəkələrdə olan insanlar var ki, vacib xəbərləri görmürlər. Onlar daha çox əyləncə ilə maraqlanırlar. Qəzalarda sürücülərin rolu çox böyükdür. Onlar da nəticə çıxarmır, bəzən heç buna cəhd də etmirlər”.