Məlum olduğu kimi, Bakıya qar yağıb.
Elə hər il olduğu kimi, bu dəfə də qar yağanda ortaya yeni problemlər çıxıb və bəlli olur ki, nədənsə, qara heç cür hazır ola bilmirik.
Hər dəfə qışa hazır olduğumuz deyilsə də, hər cür şəraitimizin, texnikamızın olduğu vurğulansa da, qarlı günlərdə bunun şahidi olmuruq. Texnika dedikləri yaşlı insanlar əlində bel ilə yol açması olur, şərait dedikləri də elə əl ilə yola süfrə duzu səpmək.
Nəzərə alsaq ki, Bakıya qar da ehtiyatla yağır, bir çox ölkələrdə olan şaxta bizdə olmur, heç qar Allahdan dizə qədər də çatmır-bu halda belə hazır olmamaq, əslində, ölkədəki qurumların iş fəaliyyətindən xəbər verir.
Hər il tənqid olunsa da, hər dəfə hansısa biabırçılıqlar ortaya çıxsa da, yenə də çevir tatı, vur tatıdır.
Qar dizə qədər yağmasa da, biz boğaza qədər yığılmışıq.
Görəsən, dünyanın hansı ölkəsində duzu yerə əl ilə səpirlər? Özü də, süfrə duzunu. Adam istəyir, lap o duzun üstünə qənd də qoysun ki, xalq birdən qurumlarla dalaşar.
Bəs hanı xaricdən aldığımız texnikalar? Şəkilləri var, maşallah, qəşəng də görünür, bəs özü hansı? Süpriz edəcəklər? Yoxsa, icra başçıları villalarını onlarla təmizləyir?
Azərbaycan isə tək Bakıdan ibarət deyil, hətta rayonlarda vəziyyət daha da acınacaqlı ola bilir.
Məsələn, bu cür bölgələrdən biri də Allah qoymasa, turistik bölgəmiz olan Qəbələdir.
Belə ki, Qəbələdə Bakıya nisbətdə daha çox qar yağsa da, normalda tədbirlər daha yaxşı olmalı olsa da, orada da belə olmayıb.
Nədənsə, Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və tabeçiliyində olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi heç bir tədbir görməyib.
Nə yollar təmizlənib, nə qum səpilib, nə də başqa bir şey.
Bəs niyə? Bunları onların əvəzinə kim edəcək?
Bu səbəbdir ki, yol-nəqliyyat hadisələri də artıb, sürüşmə halları müşahidə olunur və bu da yaxşı nəticələnmir.
Qəbələnin turistik bölgə olduğunu nəzərə alsaq, bura axının olması da təbiidir. Belə olan halda tədbirlər daha da gücləndirilməli deyilmi?
Görəsən, icra başçısı bunu bilmirdi? Yoxsa, düşünürdü ki, qar yağıb, heç kim gəlməyəcək? Niyə hansısa xarici və ya yerli turist qar sevgisini daha çox yaşamaq üçün buraya üz tutmalı və belə bir məyusedici mənzərə ilə qarşılaşmalıdır?
Özümüz bir yana, öyrəşmişik, xaricilər ölkəyə elə məhz Qəbələni görmək üçün gəlir. Onların qarşısına belə çıxıb qorxutmaq lazımdır? Axı onlar gəldikləri ölkədə bu cür işlər ən yüksək səviyyədə təşkil olunur. Heç olmasa, bizdə də ortabab təşkil olunsa olmazmı?
Bu ağappağ qarda üzümüz niyə qara olsun?
Şair deyir:
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Amma icra başçılarını qətiyyən bu cür hallara görə bağışlamaq olmaz. (
Gununsesi.info)