“7 oğuldan biri” çıxdı - neçə icra başçısı həbsdə qalıb?
Cəmiyyət
1453
09:21, Bu gün

“7 oğuldan biri” çıxdı - neçə icra başçısı həbsdə qalıb?

Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş sabiq icra başçısı Ceyhun Cəfərovun cəza müddəti başa çatıb - digərləri  isə hələ uzun illər...
Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. Məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirən eks-icra başçısı artıq azaddır. Qeyd edək ki, 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmirdəki qanun pozuntularına qarşı əməliyyat keçirib. Əməliyyat çərçivəsində rayonun icra başçısı və başqa vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilib. Ceyhun Cəfərov ilk növbədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.
 
Dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apelyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. Cəza müddətində Ceyhun Cəfərov 2 ilini təcridxanada, 1 il 2 ayını ümumi rejimli cəza müəssisəsində, qalan 1 il 2 ayını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib. Məhkum son aylarda müdriyyətin icazəsi ilə müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilirdi.
 
İcra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafada keçirdiyi əməliyyatla icra başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbsə məhkum edilən sabiq icra başçısı koronavirus səbəbindən vəfat edib.
 
Nizaməddin Quliyevlə eyni vaxtda Yevlaxın eks-icra başçısı Qoca Səmədov da saxlanılıb. Sabiq başçı barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib.  Şəki Apelyasiya Məhkəməsinin qərarına əsasən, Qoca Səmədovun cəzası 6 ilə endirilib. Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinən Qoca Səmədovun özünə və yaxınlarına məxsus xeyli sayda ev, torpaq sahələri, obyektlər müsadirə olunub.
 
Əməliyyatın davamı kimi 2020-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti Neftçalaya üz tutub. İcra başçısı İsmayıl Vəliyevlə birgə birinci müavini Vurğun Əkbərov və bir neçə şöbə müdiri də dəmir barmaqlıqlar arxasına yollanıb. Ötən ilin oktyabrında İsmayıl Vəliyevin cinayət işi üzrə də məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, sabiq başçı 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun da xeyli əmlakı müsadirə olunub. İsmayıl Vəliyevin cəzası cəmi 4 ay azaldılıb.
 
2020-ci il aprelin 29-da isə rüşvətxor məmurların kabusuna çevrilən əməliyyatçılar Biləsuvara baş çəkiblər. İcra başçısı Mahir Quliyev kabinetindəcə saxlanılıb. Bu ilin martında isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə onun Bakıdakı 1 milyon manatlıq 2 mənzilini və 62 min manatlıq “Audi” markalı avtomobilini müsadirə edib. Həmçinin Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə ödəniləcək 125 min manatlıq mülki iddianı təmin edib.
 
Həbsdə olanlardan daha biri 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovdur. Məhkəmənin verdiyi hökmə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Zeynalovun da bazar dəyəri 2 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə olunub.
 
Həbs həyatı yaşayanlardan biri də Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovdur. Alimpaşa Məmmədov 2021-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Məhkəmənin hökmü ilə sabiq icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb.
Link kopyalandı!
Son xəbərlər