Su sayğaclarını donvurmadan necə qorumaq olar?
Cəmiyyət
819
21 Feb 2025 | 23:59

Su sayğaclarını donvurmadan necə qorumaq olar?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti şaxtalı hava şəraitində su təchizatında yarana biləcək problemlərin qarşısını bəri başdan almaq üçün fəaliyyətdədir.
 
Bu barədə qurumdan bildirilib.
 
Məlumata görə, mövsümlə əlaqədar intensiv yağıntılar zamanı şəbəkələr vasitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
 
"Bundan başqa, qış aylarında sayğaclar və magistral paylayıcı şəbəkələrdə donvurmalar da müşahidə edilə bilir. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunsun, ya da torpaq altına keçirilsin.
 
Həmçinin fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərinin isti materiallardan olan örtük və quru ağac yonqarları ilə əhatə olunması tövsiyə edilir", - deyə açıqlamada qeyd olunub.
 
Ətraflı Baku TV-nin süjetində:

 

Link kopyalandı!
Son xəbərlər