Qarlı və yağışlı havalarda küçədə taksi tapmaq çətinləşir. Hava şəraiti dəyişən kimi taksi qiymətləri də sürətlə yüksəlir. Sanki bir sehrli düyməyə basılıb və qiymətlər ikiqat bahalaşıb. Halbuki benzin sərfiyyatı eyni qalır, maşınlar yenə də eyni məsafəni qət edir.
Bəs bu bahalaşmanın arxasında nə dayanır? Taksilər havaya uyğun avtomatik bahalaşır, yoxsa bunun daha dərin səbəbləri var?
Yenisabah.az-a istinadən bu bahalaşmanın səbəblərini təqdim edirik:
Tələb və təklif qanunu
Pis hava şəraitində şəxsi avtomobil sürmək çətinləşir, insanlar avtobus və metroya getmək əvəzinə taksiyə üstünlük verirlər. Bu zaman tələbat artır, amma taksi sayı eyni qalır və nəticədə qiymətlər yüksəlir. Bu, iqtisadiyyatda tələb-təklif qaydası kimi tanınır.
Sürücü azlığı
Qarlı və yağışlı havada sürücülər işləməkdən çəkinə bilərlər. Pis hava şəraitində işləmək həm təhlükəlidir, həm də əlavə stress yaradır. Bir çox sürücü bu cür havalarda evdə qalmağı üstün tutur. Nəticədə bazarda taksi sayı azalır və qiymətlər yüksəlir.
Yol şəraiti və sürətin azalması
Qışda və yağışlı havada yollar daha sürüşkən olur. Sürücülər ehtiyatlı hərəkət etməli və normaldan daha yavaş sürməlidirlər. Bu isə eyni məsafəni qət etmək üçün daha çox vaxt tələb edir. Sürücülər daha az sifariş götürə bildiyi üçün qiymətlər artır.
Dinamik qiymət hesablama sistemi
Mobil taksi tətbiqləri (Uber, Bolt və s.) hava şəraitini və tələbatı analiz edərək avtomatik qiymət tənzimləmə sistemi tətbiq edirlər. Əgər tələb çoxdursa və taksi sayı azdırsa, sistem avtomatik qiymətləri artırır. Bu, şirkətlərin sürücüləri cəlb etməsi və onların motivasiyasını artırması üçün edilən bir addımdır.
Risk faktorları və xərclərin artması
Pis hava şəraitində qəza riski artır. Sürücülər üçün təmir xərcləri və sığorta riskləri yüksəlir. Həmçinin qışda avtomobillər üçün əlavə xərclər olur: qış təkərləri, şüşə suyu, daha tez-tez texniki baxış və s. Bu da taksi qiymətlərinə təsir edən amillərdən biridir.
Qeyd edək ki, qarlı və yağışlı havada taksi qiymətlərinin bahalaşmasının tək səbəbi benzin sərfiyyatı deyil. Daha çox tələb, daha az taksi sayı, sürət məhdudiyyəti, risk faktorları və tətbiqlərin dinamik qiymət sistemi əsas amillərdir.