Qarlı havalarda işçilər evdən işləməlidir?
Cəmiyyət
1172
21 Feb 2025 | 16:30

Qarlı havalarda işçilər evdən işləməlidir?

Bəzən təbiət bizə qarşı gələr və işlərimizi ləngidər. Son günlərdə havanın qarlı və soyuq olması insanların gündəlik həyatlarına, əsasən də iş həyatına öz təsirini göstərir. Belə ki, qarlı havalar işçilərin iş fəaliyətinə, işə getməsinə mane olur. Bu zaman işçilər rəhbərlikdən işə getməmək və ya evdən işləmək təklifini gözləyir. Lakin bəzi şirkətlər bu qərarı vermir və yaxud da verə bilmir. Qarlı havalarda işçinin işə getməsi vacibdirmi? Bu kimi məqamlarda şirkətlər necə qərar verməlidir?
 
Valyuta.az-a danışan HR Hunter şirkətinin təsisçisi, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, Azərbaycanda yol infrastrukturu qarlı, çətin və fərqli hava tərzlərinə uyğunlaşmayıb və uzun müddət uyğunlaşması da gözlənilmir. Ona görə də bu kimi hallarda şirkətlərin işçilərə güzəşt etməsi tamamilə başa düşüləndir və bu, olmalıdır: “Ümumiyyətlə, evdən görülə biləcək və görülə bilməyəcək işlər var. Məsələn, bank, sığorta, mühafizə, istehsalat və.s bu kimi müştərilərlə təmasda olan qurumların işçiləri mütləq surətdə hava şəraitindən asılı olmayaraq işdə olmalıdır. Çünki onların işdə olmaması həmin gün həmin qurumun işləməməsi deməkdir. Ona görə də həmin şəxslərin işdə olması vacibdir".
 
 
İ.Mirzəzadə bildirdi ki, bəzi sahələrdə olan işçilərin evdən işləməsi məqbul sayıla bilər: “Proqramçılar, mühasib, HR, maliyyəçi, təsisatçı və.s bu kimi peşədə işləyənlər işi müəyyən müddətə evdən idarə edə bilər. Bu kimi işçilərin sözügedən havalarda evdən işləməsi məqsədəuyğundur. Həmçinin əgər şəxs işə gəlməlidirsə, həmin gün əlavə güzəşt kimi  qısaldılmış iş qrafiki tətbiq oluna bilər. Təbii ki, bu qanunvericilikdə nəzərdə tutulmayıb, sadəcə şirkət qısa müddətə bir imtiyaz kimi bu təklifi işçilərinə edə bilər. Çünki bu kimi havalarda ictimai nəqliyyatın iş qrafiki də çətinləşir, həmçinin fərdi nəqliyyat vasitələrinə az müraciət etdikləri üçün taksilərin qiyməti də bahalaşır. Şirkətlər bu kimi halları nəzərə ala və müəyyən güzəştlər tətbiq edə bilərlər".
 
"Təbii ki elə işlər var ki, məsələn, restoran, turizm sektorlarının əksəriyyəti, otellər şəbəkəsi və.s bu kimi iş yerlərində çevikləşdirilmiş qrafikdən həmin işçilər üçün istifadə oluna bilər. Amma hansı işləri işçilər evdən görə bilər, onların rahat şəkildə evdən işləmələri üçün şərait yaradıla bilər. Bəzən bu təklifi əsaslandırırlar ki, şirkət bölünmüş halda işləməsin. Amma bu da düzgün fikir deyil. Çünki hərənin özünə uyğun iş planı var və əsas məsələ hədəfi vurmaq, iş qrafiki çərçivəsində işi yerinə yetirməkdir. Bu varsa, problem yoxdur".
Link kopyalandı!
Son xəbərlər