Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri uğurla davam edir
Son dörd ilin əsas çağırışlarından biri tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramına uyğun olaraq soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin miqyası olduqca genişdir. 2022-ci ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinə başlanan qayıdış hazırda beş şəhərin- Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, 4 kəndin-Ağalı, Talış, Zabux və Susun sakinlərinə qovuşması ilə davam edir. Hazırda bu istiqamətdə görülən işlərin miqyası tezliklə bu sırada yeni ünvanların yer alacağına böyük əminlik yaradır. Dövlətimizin başçısı İlham Əliyev hələ ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində 2024-cü il ilə yanaşı, 2025-ci ildə də sakinlərinə qovuşacaq şəhərlərin adlarını açıqlamışdı. 2024-cü ildə 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü. Ağdam, Qubadlı, Zəngilan şəhərlərinə qayıdış 2025-ci ildə nəzərdə tutulub.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 18-də Ağdam rayonuna səfərləri çərçivəsində bu torpaqda aparılan işlərlə tanışlıq, həmçinin açılışında iştirak etdikləri sosial obyektlər tezliklə Ağdam şəhərinin müasir şəhərsalma standartlarına uyğun yenidən qurulması ilə yanaşı, tezliklə çal-çağırlı günlərinin qayıdışına da əminlik yaradır. Davamlı səfərlərin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu ərazilərin müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır. Ən əsası azad Qarabağda və Şərqi Zəngəzurda yeni idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi işlərin səmərəliliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Həmçinin şəhər və kəndlər Baş plan əsasında bərpa edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurlu icrası şəhər və kəndlərimizin müasir simasında özünün aydın ifadəsini tapır. Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq. Azərbaycan bu ərazilərdə görülən işlərin fonunda dünyaya müasir şəhərsalmanın təkmil modelini təqdim edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ağdam və Zəngilan şəhərlərində Azərbaycan Milli Şəhərsalma forumları keçirildi. Hər iki tədbirin iştirakçılarının say tərkibinə diqqət yetirdikdə bu forumlara marağın nə qədər böyük olduğunu görürük. Belə tədbirlər işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə təqdimatında bir platformaya çevrilib. Bu torpaqlar erməni vandallığının şahidləridir. Dövlət başçısı İlham Əliyev 2022-ci ildə BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında ermənilərin 30 illik işğal dövründə törətdikləri vəhşiliklərdən, dağıntılardan geniş bəhs edərək bu reallığı xüsusi qeyd etmişdir ki, Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Dövlət başçısı İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə xidmət edən addımları sırasında bu mühüm sənədi də qeyd etmək istərdik ki, fevralın 20-də Prezident İlham Əliyev “Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır. Nazirlər Kabinetinə “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görmək, Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etmək tapşırılıb.
Vüqar Rəhimzadə vurğulayıb ki, son dörd ildə azad edilmiş ərazilərdə görülən işlər bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu təsdiqləməklə yanaşı, böyük qurucu xalq olduğumuzu da nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir. Böyük Qayıdışla bağlı qəbul edilən Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy-kökünə və doğma torpaqlarına bağlıdır. Cənab İlham Əliyevin bu rayonlara hər bir səfəri xeyli sayda kəndlərin təməlqoyma mərasimlərinin keçirilməsi ilə diqqətdə olur. İrimiqyaslı infrastruktur layihələrinin icrası, enerji ilə təchizata diqqətin artırılması mərhələli, plan üzrə davam etdirilir. Səkkiz ayda inşa olunan Füzuli, ondan sonra istifadəyə verilən Zəngilan Beynəlxalq Hava limanlarının inşası Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı olmaqla turizmin inkişafına önəmli töhfələrdir. Bu il istifadəyə verilməsi nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanının inşası ilə bu imkanlar daha da genişlənəcək.
Fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan Prezident İlham Əliyev kənd sakinləri ilə görüşündə də bu reallıqlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla, öz gücümüzlə edirik. Öz gücümüzə, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri qısa müddət ərzində aparılır. Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada 500-ə yaxın insan yaşayır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənclər həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir.
Milli Məclisin deputatı bir daha diqqəti 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimizin separatçılardan təmizlənməsinə, bu torpaqlarda Azərbaycan Bayrağının ucaldılmasına yönəldərək bildirib ki, suverenliyimizin bərpasından ötən qısa müddətdə, 8 ay ərzində görülən işlər nəticəsində Xocalı şəhəri ilk sakinlərini qarşıladı. Ötən ilin 28 May-Müstəqillik Gününə təsadüf edən bu qürurverici hadisədən öncə, fevralın 26-da Xocalı şəhərində Xocalı faciəsinin 32-ci ildönümü qeyd olundu. Dövlət başçısı İlham Əliyev həmin səfər çərçivəsində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Mərasim iştirakçıları ilə görüşündə Prezident İlham Əliyev bu çağırışı etdi ki, otuz iki ildən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.
Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin fevralın 19-da Xankəndi şəhərinə səfəri zamanı görülən işlərlə tanışlığından da bəhs edərək vurğulayıb ki, ölkə Prezidenti Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak etdi. Həmçinin Zəfər parkının təməlqoyma mərasimi oldu. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə də tanış oldu. Təkcə bir səfər çərçivəsində görülən işlərin miqyası ümumilikdə aparılan bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Onu da qeyd edək ki, Xankəndi şəhəri də yaxın zamanlarda sakinlərinə qovuşacaq şəhərlərimiz sırasındadır.
Millət vəkili onu da bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasının prioritetliyi dövlət büdcəsindən ayırmalarda da öz təsdiqini tapır. 2025-ci il də daxil olmaqla 2020-ci ildən başlayaraq dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Görülən işlərin hazırkı miqyası gələcək barədə aydın təsəvvür yaradır.