"Bu savaşda təcavüzkar Rusiyadır və biz Ukrayna xalqı ilə birlikdə möhkəm və qürurla dayanmalıdır..."
ABŞ-ın təhlükəsizlik sahəsindəki müttəfiqi Avstraliya bəyan edib ki, Rusiya təcavüzkardır və müharibə Ukraynanın şərtləri əsasında bitməlidir.
Moderator.az xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marlz bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.
Nazir vurğulayıb ki, müharibə böyük insan tələfatına səbəb olub, lakin bu heç bir halda qeyri-məqbul şərtlərlə bitə bilməz. "Müharibə Ukraynanın şərtləri əsasında həll olunmalıdır, çünki burada təcavüzkar Rusiyadır və qlobal qaydalara əsaslanan qlobal nizamın bütövlüyü təhlükə altındadır", - Marlz bildirib.
"Biz bu müharibənin dayandırılması cəhdlərini alqışlayırıq, lakin bu, heç bir halda istənilən şərtlərlə mümkün deyil, məhz Ukraynanın şərtləri ilə olmalıdır və biz bu məsələdə Ukraynanı dəstəkləməyə davam edəcəyik", - o, əlavə edib.
Nəşr qeyd edir ki, Avstraliya ABŞ-ın Hind-Sakit okean regionundakı əsas təhlükəsizlik müttəfiqlərindəndir və bu bölgədə onları Çinin artan hərbi gücü narahat edir.
Avstraliyanın mühafizəkar müxalifəti də Trampın Ukrayna ilə bağlı mövqeyini tənqid edib. "Prezident Tramp yanılır", - müxalif Liberal Partiyasının lideri və Rusiyanın Ukraynaya hücum etdiyi dövrdə müdafiə naziri olmuş Piter Datton bildirib.
"Ukrayna prezidenti Zelenski və ya Ukrayna xalqının bu müharibəyə başladığını və ya ona görə məsuliyyət daşıdığını düşünmək tamamilə yanlış bir fikirdir", - Datton vurğulayıb.
"Avstraliya Ukrayna xalqı ilə birlikdə möhkəm və qürurla dayanmalıdır. Bu, demokratiya və sivilizasiya uğrunda bir mübarizədir. Putin diktator və qatildir, biz ona bir qarış da güzəşt etməməliyik", - o, əlavə edib.
Trampın Ukrayna ilə bağlı bəyanatları
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini "diktator" adlandıraraq onu xəbərdar edib ki, əgər sürətli addımlar atıb sülhə nail olmasa, ölkəsini itirəcək.
Bu qəribə bəyanatlar Trampın 2022-ci ildə Rusiyanın Ukraynaya hücumunda Ukraynanı günahlandırmasından sonra Avropada narahatlıqları artırıb və onun Kremlin maraqlarına oynadığına dair şübhələri gücləndirib.