DİM-in funksiyası tələbələri kurslara yönləndirməkdən ibarətdir - Ekspertdən İTTİHAM
1497
20 Feb 2025 | 15:33

DİM-in funksiyası tələbələri kurslara yönləndirməkdən ibarətdir - Ekspertdən İTTİHAM

“Mən Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistratura imtahan modelini ədalətli və obyektiv hesab etmirəm. Hazırkı imtahan modelində məntiq, xarici dil və informatika bacarıqları yoxlanılır. Bu heç də bizim 51 universitetimizdə təhsil almış bakalavrların bilik və bacarıqlarının eyni yoxlanılması demək deyil”.
 
Bu barədə Modern.az-a magistr imtahanları ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər tədrisin ingilis dilində olduğu ixtisaslar var:
 
“İnformasiya təhlükəsizliyi, kompüter elmləri və bənzəri ixtisasları ingilis dilində oxuyan adam magistr imtahanında informatika, ingilis dili və məntiq fənnlərindən rahatlıqla imtahan verə biləcək. Çünki bunlar texniki sahədir. Amma kimsə humanitar sahədə, mədəniyyət ixtisaslarında oxuyursa, bundan məhrumdur. Biz hazırda imtahan iştirakçılarının məntiqi düşünmə, İT səviyyəsində informatika, C1 səviyyəsində ingilis dili bacarıqlarını yoxlayırıq. Bu Azərbaycanın mövcud qanunvericiliyinə ziddir”.
 
K.Əsədov qeyd edib ki, dünən nəticələri açıqlanan imtahanda 21900-dən çox bakalavr iştirak edib:
 
“İmtahan nəticələri yalnız texniki və təbiət fənnlərindən məzun olanlar üçün yaxşıdır. Keçən ilki birinci cəhdlə müqayisə etdikdə deyə bilərəm ki, bu ilki nəticələr keçən ildən aşağıdır. Hesab edirəm ki, hazırkı imtahan ədalətli deyil. Məsələn informatika sualları bacarıqları yox, əzbərçiliyi yoxlayan suallardır. Bu bizim yaxşı magistr seçməyimizə imkan vermir”.
 
Ekspert bildirib ki, bugünkü magistr imtahanları Azərbaycanda elmin inkişafına ciddi zərbə vurur:
 
“İllərdir davam edən bu sistem sübut edir ki, Dövlət İmtahan Mərkəzinin funksiyası bilik və bacarıqları yoxlamaq yox, tələbələri kurslara və hazırlıq mərkəzlərinə yönləndirməkdən ibarətdir. Xarici dil tələbinin özü belə qanunsuz və absurddur. Azərbaycanda Təhsil haqqında Qanunun 7-ci maddəsində göstərilir ki, Azərbaycanda təhsil dili Azərbaycan dilidir. Bu o deməkdir ki, dövlət öz vətəndaşlarına ali təhsil üçün xarici dil tələbi qoymamalıdır. O şəxslər üçün bu tələb qoyulmalıdır ki, onlar elm tədqiqatla məşğul olsunlar, amma bu səviyyədə olmamalıdır. Esse hansı universitetdə bu səviyyədə keçirilir? Yaxud informatika? Bugünkü nəticələrin heç biri universitetlərin nəticələri deyil. Bu nəticələr ancaq hazırlıq kurslarının nəticələridir. Çünki məntiq ali təhsil müəssisələrində seçmə fənddir, heç də bütün ixtisaslarda tədris olunmur. Yaxud ingilis və informatika cəmi 1 semestr tədris olunur. Ona görə də nəticələr kursların nəticələridir”.
Link kopyalandı!
Son xəbərlər