Ermənistan ərazi iddialarından imtina edir: Yeni konstitusiya nəyi dəyişəcək?
Cəmiyyət
1730
20 Feb 2025 | 14:48

Ermənistan ərazi iddialarından imtina edir: Yeni konstitusiya nəyi dəyişəcək?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yeni konstitusiyaya ehtiyac olduğunu deyib.
"Yeni konstitusiyanın qəbulu böyük əhəmiyyət kəsb edir. Çünki hazırkı konstitusiyanın qəbulu ilə bağlı keçirilən bütün referendumlarda ciddi qanunsuzluq var. Yeni konstitusiyanın qəbulunun strateji məqsədi dövlət quran xalqın fəaliyyətinə keçidi təmin etməkdir", - deyə o qeyd edib. Belə olan halda, Azərbaycanın əsas şərti yerinə yetirilir?
Bu barədə Moderator.az-a danışan Millət vəkili Arzuxan Əlizadə qeyd edib ki,  İkinci Qarabağ savaşında əldə edilmiş möhtəşəm qələbə torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan sülh müqaviləsi imzalanması təşəbbüsü ilə çıxış etdi:
 “”Qarşı tərəf bununla bağlı üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir” kimi əsas məsələ də irəli sürüldü. Azərbaycanın tam olaraq ədalətə və hüquqa söykənən tələbləri var və bu tələblərdən ən başlıcası da Ermənistan konstitusiyasında, Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarından əl çəkilməsidir. Eyni zamanda, kommunikasiyaların açılması, demarkasiya delimitasiya ilə bağlı Ermənistanın konstruktiv mövqe tutması əsas tələb olunan məsələlərdir.  Hələdə dörd kəndimiz işğal altındadır və bu öz həllini tapmalıdır. Azərbaycanın bu haqlı tələbindən heç bir halda geri dönməyəcəyini başa düşən Paşinyan və onun komandası bir neçə dəfə Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi, yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı  erməni cəmiyyətinə mesajlar ötürüb. Amma o da məlumdur ki, Paşinyana əks qüvvələr, müxalifətdə olan keçmiş Rusiyanın bilavasitə marionetləri olan Sarkisyan, Koçaryan və digərləri Paşinyana “Azərbaycanın tələblərini yerinə yetirir” deyə bir damğa vurmaqla bu konstitusiya islahatlarına gedilməsinə mane olmağa çalışıblar”.
Millət vəkili vurğulayıb ki, artıq görünən bundan ibarətdir ki, Paşinyan bu fikri erməni cəmiyyətinə təlqin edə bilib və müxtəlif məsələlər gündəmə gətirilib:
“Ermənistan dövlətinin maraqlarına uyğun yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyi erməni cəmiyyətinə təlqin edilir. İstənilən halda bu, bu ermənilərin işidir, Paşinyanın vəzifəsidir və Azərbaycanın haqlı tələblərini yerinə yetirmək üçün erməni cəmiyyətini hansı formada hazırlayacaq və yaxud da buna hansı formada nail olacaq bizi bir o qədər də maraqlandırmır. Bizim konkret, ədalətli və hüquqa söykənən tələbimiz yerinə yetirilməlidir. Bu, birmənalıdır və bunu da həm ermənilər, həm onlara havadarlıq edənlər artıq ciddi surətdə başa düşməyə başlayıblar deyə belə bir addımların atılacağı gözləniləndir.  Ermənistanın ədliyyə naziri də bu yaxınlarda bir açıqlama verdi. Deyilənə görə, 2026-cı  il referenduma gediləcəyi və yeni konstitusiya qəbul edilməsi ilə bağlı məsələlərin gündəmə gəlməsi görünür.  Bu, qaçılmazdır və həm də ona görə qaçılmazdır ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir. Ermənistan bu arealda mövcudluğunu qoruyub saxlamaq istəyirsə, mütləq mənada konstitusiya islahatına getməlidir. Ermənistan Azərbaycana və qardaş Türkiyə qarşı ərazi iddialarından geri çəkilməyəcəyi sürəcdə heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalana bilməz və regionda sülhə və sabitliyə nail olmaq da təbii ki, mümkün deyil. Bu səbəbdən Ermənistanda yeni konstitusiyanın qəbulu qaçılmazdır və yəqin ki, erməni cəmiyyətini tam olaraq buna hazırlayandan sonra bununla bağlı yekun qərar veriləcəkdir”.
 
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük  "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə” mövzusunda hazırlanıb.
 
 
Link kopyalandı!
Son xəbərlər