Bizi sosial şəbəkələrdən izləyin:
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və onunla birgə mühakimə olunan Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Bu əsasla onlar külli miqdarda dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinməli, Tofiq Yaqublu 10 il, Elnur Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum edilməlidir.
Vəkillərə çıxışa hazırlanmaları üçün vaxt verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü ilin dekabrında həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham verilib.