İki gün öncə-16 fevralda ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə I cəhd qəbul imtahanı keçirildi. Həm də artıq iki gündür ki, bu imtahanlarla bağlı sosial şəbəkə hesablarında, təhsillə bağlı qrup və səhifələrdə o qədər də birmənalı olmayan fikirlər səsləndirilir. Səbəb nədir? Magistratura səviyyəsi üzrə qəbul imtahanındakı hansı məsələlər daha çox müzakirə obyektinə çevrildi? Bu sualların cavablarına az sonra toxunacağıq. Amma öncədən bir məsələni xüsusi qeyd edim: doğrudur, o istiqamətlərdə konkret mütəxəssis olmasam da, magistraturaya qəbul imtahanlarının suallarını bir neçə ildir, ard-arda tədqiq edən biri kimi deyə bilərəm ki, informatika və ingilis dili üzrə builki suallar çətinlik dərəcəsinə görə çox da ağır hesab olunmaz. Doğrudur, sualların məzmunu nəzəri biliklərlə yanaşı, həm də müəyyən dərəcədə məntiqi mühakimə də tələb etdiyindən kimlərəsə qismən çaşdırıcı görünə bilər. Amma etiraf etməliyik ki, bu il informatika üzrə təqdim edilən test tapşırıqları ötənilkindən daha asan idi.
Məntiq - Amma ümumi rəy mənzərəsi tamam başqa mənzərəni göz önünə gətirir. Xüsusən də builki bakalavr məzunlar imtahanın xeyli çətin keçdiyini, hətta bundan ötrü bir yox, bir neçə il hazırlaşmağın lazım olduğunu qeyd edirlər. Təbii ki, hər kəsin fərdin yanaşmasına hörmə edirik. Lakin suallarda məntiqi mühakimənin nisbətən qeyri-standart təqdimini a imtahanın ümumi ağırlığı kimi düşünmək sadəcə təəssüf doğurur. Çünki magistratura daha üst səviyyədir və buradakı suallarda məntiqi mühakimənin nisbətən qeyri-standart olması da təbii hesab olunmalıdır. Xüsusən də məntiq predmetinə aid bir neçə sualda bu tərzdə bir neçə sual tələbə və məzunlara təqdim edilmişdi. Analogiya əlaqələndirməsinə aid bir test tapşırığının çox incə məntiq əlaqələnsirməsi olsa da tələbələrin bir çoxu onu yanlış dəyərləndirmiş və sonradan narazılıq obyektinə də çevirmişdilər.
İl—rüb Estafet-?
Müsabiqə iştirakçılarından biri çoxu təqdim edilən variantlar arasından “yarış”, “final” kimi cavabları seçsələr də, doğru variant “ mənzil”imiş. Mənzil burada yaşadığımız və ya çalışdığımız ev, mənzil, qərargah, bir sözlə yaşadığımız yer k qismində anlaşılmamalıdır. Mənzil sözünün bir mənası da bir məsafədən digər məsafəyə, bir nöqtədən o biri nöqtəyə varılan yol, qət edilən məsafədir. Folklor nümunələrimiz, nağıllar, dastanlarda mənzil” sözündən çox istifadə olunur: “Bir mənzil yol getdim”. “İl-rüb” əlaqələndirilməsi ilə “estafet-mənzil” əlaqələndirilməsində müəyyən problem yaransa da, “estafet” sözünün mahiyyət və missiyasını bilən şəxslər üçün hər hansı çətinliyin olmayacağı qənaətindəyəm.
Üstəlik, Məntiq üzrə birbaşa riyazi həll tələb edən sualların çoxluğu bu predmetlə bağlı dillərdə dastan kimi dolaşan “çətinlik” amilini daha da qabarıqlaşdıracaq. Doğrudur, məzmununda riyazi təfəkkür, mühakimə qabiliyyəti olan suallar zatən məntiqin özünü təşkil edir. Məntiqi heç zaman riyaziyyatdan ayırmaq mümkün olmayacaq.
Subyektiv fikrimə əsasən, məntiq bu il ötən il olduğu kimi xüsusi riyazi biliklər tələb edən suallarla xeyli zənginləşdirilib. Doğrudur, məntiqlə riyaziyyat bir medalın iki üzü kimi məzmun etibarilə çox yaxın olmalıdır, əksər sualların riyazi təhlil, fəza-müstəvi təsəvvürlü olması da başa düşüləndir. Amma sualın doğru cavabını tapmaq üçün artıq xüsusi riyazi biliklər, düstur əzbərləmələrə getdikcə daha çox ehtiyac yaranır. Verbal, qeyri-verbal, fiqur əsaslı məntiq sualları da təbii ki, kifayət qədərdir. Amma ildən ilə sanki SAT imtahanı imiş kimi riyazi məsələlər üzrə təqdim olunan sualların sayı artmaqdadır. Doğrudur, bu il də mətnin məntiqi təhlilinə aid suallar öz limiti çərçivəsində təqdim olundu. Amma gələcək üçün söz-mətn əsaslı məntiqə yer verilməsi şəxsən subyektiv istəklərimdən biridir. Fəza, fiqur, müstəvi, şəkil münasibətləri, şəkil ardıcıllıqları kimi suallar da təbii ki, insan zehninin inkişafına xidmət edir. Amma situasiyalar çərçivəsində daha düzgün variantların həlli üçün mətn tipli sualların sayının 15 olmasını çox istərdim.
İnformatika- Bu predmet üzrə təqdim olunan tapşırıqlar bu il ötənlərə nisbətən özünün xeyli asan və uyğunluğu ilə seçilirdi. Doğrudur, bu yöndə mütəxəssis olmasam da, ən azından ötən il ikinci cəhd imtahanında salınan informatika sualları ilə xeyli fərq var idi. Üstəlik, bakalavrların hər zaman xüsusi narazılıqla yanaşdıqları məsələ tipli test tapşırıqlarının da sayı, həmçinin çətinlik dərəcəsi bu dəfə daha yumşaq oldu. İnformatika üzrə müəyyən hazırlıq keçmiş hər hansı şəxsin çox asanlıqla 15-20 aralığında doğru cavab yaza biləcəyi test tapşırıqları idi deyə düşünürəm.
Üstəlik, informartikadan bu il həm də vizual effektli, yəni foto, təsvirlərlə təqdim olunan sualların sayı ötən ilə nisbətdə daha çox idi. Bu da test tapşırıqları arasında quruluğu, monotonluğu aradan qaldırmaq adına müsbət cəhd hesab edilməlidir.
Görünən odur ki, magistraturaya qəbulda təqdim olunan tapşırıqlar artıq özünün həm forma, həm də məzmununa görə təhsilin çağdaş tələbləri üzərində formalaşır. Dövlət İmtahan Mərkəzinin artıq neçə ildir ki, bu istiqamətdə gördüyü işlər danılmazdır. Qarşıdakı illərdə informatika üzrə sualların necə olacağını deyə bilmərik, amma bu şəkildə, bu forma və məzmun prinsipi ilə təqdimatı çox vacibdir.
İngilis dili - Burada artıq bir neçə ildir ki, sualların eyni çətinlik səviyyəsi, standart tempdə təqdim olunması ilə seçilir. Sizə bir detalı da deyim;ümumiyyətlə, magistr adını qazanmaq istəyən şəxslər üçün ən yaxşı vasitə ingilis dili biliklərini təkmilləşdirməkdir. Doğrudur, qəbul prosesində başqa xarici dil də ola bilər. Amma tələbələrin böyük əksəriyyəti məhz ingilis dili üzrə seçim etdiyi üçün nümunəni onun üzərindən aparırıq. Artıq test tapşırıqlarının məzmunu əvvəlki illərə nisbətən xeyli fərqlidir. Yalnız 3-4 sırf qrammatika bilgisi tələb edən sual təqdim olunur. Yerdə qalan suallara doğru cavabın verilməsi üçün isə bakalavrdan yalnız ingilis dili üzrə bilgilər, söz bazasının zənginliyi tələb olunur. Belə olan halda o çox asanlıqla həm dinləmə, həm də oxuyub-anlama, mətn tipli sualları cavablandıra biləcək. Həmçinin, əlavə olaraq, 5 balla qiymətləndirilən esse mərhələsinə qalan tələbə yalnız söz bazasının zənginliyinə güvənə bilər. Odur ki, həm praktiki həyatda istifadə etmək, həm də imtahanda uğur qazanmaqdan ötrü ingilis dili üzrə lüğət fondumuzu genişləndirək.
Formatla bağlı- Lakin imtahanda təqdim olunan suallar sosial şəbəkə istifadəçilərini, ümumən cəmiyyətin az qala, hər fərdini o qədər hiddətləndirib ki, birbaşa bu təhsil səviyyəsi üzrə imtahanların keçirilmə formasının dəyişdirilməsini tələb edirlər. Təbii ki, qəbul prosesində nəyinsə dəyişməsi, forma və məzmuna nələrinsə əlavə olunması uzun aylar, bəzən illərin işidir. Amma son imtahandakı suallar bu formatın heç də uğursuz olmamasına bir işarədir.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı