HeinOnline: hüquqşünasların rəqəmsal xəzinəsi
Müasir dövrün hüquq araşdırmaları dərin və hərtərəfli mənbələrə çıxış tələb edir. Kitabxanalarda saatlarla vaxt sərf etmək artıq keçmişdə qalıb. Hüquqşünaslar, akademiklər və tədqiqatçılar üçün hüquq mənbələrinə asan və sistemli çıxış təmin edən ən nüfuzlu rəqəmsal platformalardan biri "HeinOnline"dır.
HeinOnline platforması 2000-ci ildə William S. Hein & Co. tərəfindən yaradılıb. Şirkətin özü isə hüquqi nəşrlərlə bağlı fəaliyyəti ilə tanınır və 1920-ci ildən bəri mövcuddur.
Hüquqi sənədlərin, məqalələrin, qanunvericilik materiallarının və tarixi məhkəmə işlərinin ən geniş kolleksiyalarından birinə sahib olan HeinOnline hüquq sahəsində araşdırma aparanlar üçün əvəzolunmaz bir vasitədir.
Belə ki, bu platforma hüquq sahəsində ən əhatəli və dəyərli rəqəmsal resurslardan biridir. O istifadəçilərə ABŞ və beynəlxalq hüquq sənədləri, tarixi məhkəmə qərarları, qanunvericilik materialları, hüquqi jurnallar və ensiklopedik məlumat bazaları təqdim edir. Onun arxivində "Congressional Record Bound" cildlərinin hamısı, "U.S. Reports"un 1754-cü ilə qədər olan bütün mətnləri, 1700-cü illərə gedib çıxan məhkəmə işləri, 1936-cı ilə qədər olan "Federal Register", "U.S. Statutes at Large" (ABŞ-da qəbul edilmiş bütün qanunların tam mətnli versiyası), habelə dünya miqyasında hüquqi tədqiqatlara dair jurnal və məqalələr yer alır.
"Law Journal Library" "HeinOnline"ın ən böyük və populyar kolleksiyalarından biridir. Burada 2800-dən çox hüquq jurnalı və akademik nəşrlər var. Çoxsaylı ölkələrin hüquq fakültələri və institutları tərəfindən nəşr olunan məqalələrə çıxış əldə etmək mümkündür. Burada həmçinin 1800-cü illərdən indiyədək yayımlanmış hüquq jurnallarının tam mətnli versiyalarını tapmaq olar.
Platformada beynəlxalq hüquqla bağlı kitablar, müqavilələr, beynəlxalq məhkəmə qərarları və beynəlxalq təşkilatların hüquqi sənədləri, "United Nations Law Collection" (Birləşmiş Millətlər Təşkilatının hüquqi sənədləri, o cümlədən BMT müqavilələri, qərarları və komitə hesabatları), "World Constitutions Illustrated" (Dünyanın bütün ölkələrinin konstitusiyaları, konstitusiya dəyişiklikləri və izahlı hüquqi şərhlər) də yer alır.
Bu zəngin xəzinənin "Legal Classics Library" bölməsində dünyanın ən nüfuzlu hüquq nəzəriyyəçilərinin və alimlərinin yazıları, o cümlədən William Blackstone, Oliver Wendell Holmes, Joseph Story və digər hüquq alimlərinin əsərlərinə də rast gəlmək mümkündür.
Bazanın "Gun Regulation and Legislation in America" bölməsində ABŞ-da silah qanunvericiliyi və məhkəmə işləri haqqında geniş sənədlər toplusunun olması da diqqəti çəkən məqamlar arasındadır.
Niyə HeinOnline səmərəli və faydalı qaynaqdır?
Onun hüquq tədqiqatçıları üçün əvəzedilməz olmasının bir neçə səbəbi var:
Birincisi, platforma unikal tarixi arxivləri özündə ehtiva edir. Müasir mənbələrlə yanaşı, yüzilliklərə dayanan hüquqi sənədlər və qərarlar bu platformada yer alır.
Ikincisi, istinad dəqiqliyi ilə fərqlənir və burada ən yüksək keyfiyyətli hüquqi jurnallar və məqalələrə birbaşa çıxış imkanı verir.
Üçüncüsü, platformadan istifadə çox rahatdır. Başqa sözlə, inteqrasiya olunmuş axtarış mexanizmi sayəsində istənilən mənbəyə saniyələr içində çatmaq mümkündür.
Platformada "HeinOnline Citation Navigator" vasitəsilə hüquqi mənbələrə asanlıqla istinad etmək və məqalələrdə düzgün qaydada istifadə etmək üçün xüsusi alət mövcuddur.
"ScholarCheck" funksiyası ilə istinad edilmiş mənbələrin analizini edə və digər tədqiqatçılar tərəfindən necə istifadə olunduğunu görə bilərsiniz.
Hazırda dünyanın aparıcı universitetləri və hüquq institutları "HeinOnline"dan istifadə edir. Onu da qeyd edək ki, HeinOnline yalnız ABŞ hüququ ilə məhdudlaşmır. Burada beynəlxalq hüquq, müqayisəli hüquq, insan hüquqları, cinayət hüququ və digər sahələrə dair geniş resurslar da mövcuddur. Bu, hüquq araşdırmalarını daha dərin və hərtərəfli aparmaq üçün böyük imkanlar yaradır.
"HeinOnline"a necə daxil olmaq olar?
Adını çəkilən platforma hüquq tədqiqatçıları və akademiklər üçün abunə əsaslı bir platformadır və istifadəçilər müxtəlif yollarla
Buraya daxil ola bilərlər:
1. Rəsmi vebsayt vasitəsilə
➡ //heinonline.org
Bu internet səhifəsinə daxil olduqdan sonra səhifədə siz giriş üçün aşağıdakı seçimləri görəcəksiniz:
Login (Daxil ol) – Mövcud hesabınız varsa, istifadəçi adı və şifrənizi daxil edərək giriş edə bilərsiniz.
Sign Up (Qeydiyyat) – Əgər şəxsi hesabınız yoxdursa, abunəlik üçün qeydiyyatdan keçməlisiniz.
2. Universitet və ya kitabxana abunəliyi ilə
Əgər siz hüquq fakültəsində təhsil alırsınızsa və ya bir universitetin hüquq departamentində işləyirsinizsə, təhsil müəssisəniz HeinOnline abunəliyinə sahib ola bilər.
Əgər belədirsə, siz universitet kitabxanasının vebsaytına daxil olub HeinOnline linkini axtara bilərsiniz. Əgər universitet və ya kitabxananın şəbəkəsində (Wi-Fi və ya lokal şəbəkə) olsanız, sistem sizi avtomatik olaraq tanıyacaq.
Beləliklə, əgər siz də hüquq sahəsində ciddi araşdırmalar aparmaq və etibarlı mənbələrə çıxış əldə etmək istəyirsinizsə, HeinOnline sizin üçün ən ideal platformalardan biri ola bilər. Bu rəqəmsal hüquq xəzinəsi ilə hüquqi araşdırmalarınızı daha sistemli, dəqiq və hərtərəfli şəkildə həyata keçirə bilər.
Hüquqşünas
Yunis Xəlilov