İş mühitində rəhbərlərin işçilərə qarşı sərt, bəzən isə alçaldıcı münasibət göstərməsi cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biridir. Bəzi rəhbərlər güc və nüfuz sahibi olduqca, başqalarına dominantlıq etmə ehtiyacı hiss edirlər. Onların tənqid və təhqirdən “zövq alması” isə daha dərin psixoloji problemlərin olmasından xəbər verir. Niyə məhz ölkəmizdə işəgötürənlər işçilərlə “qul” kimi rəftar edir? Bunun arxasında hansı psixoloji və sosial səbəblər dayanır? İş mühitində alçaldıcı davranışlar hansı psixoloji problemlərin göstəricisidir?
Bu barədə Moderator.az-a danışan psixoloq Nizami Orucov deyir ki, “Fironluq” anlayışı günümüzdə də aktualdır:
“Tarixdən bildiyimiz kimi, Firon gücünün çatdığı insanlara qarşı qəddar və amansız idi, lakin ondan güclüsü qarşısına çıxana qədər bu ağalığını davam etdirirdi. Bu xüsusiyyətlər günümüzdə bəzi rəhbərlərdə də müşahidə olunur. Onlar kollektivin zəif cəhətlərini gördükdə, onları inkişaf etdirmək və potensiallarını üzə çıxarmaq yerinə, əzməyə və işçilərinə “qul” kimi baxmağa üstünlük verirlər. Bunun əsas səbəbi isə özlərini əziyyətə vermək istəməmələridir”.
Psixoloqun fikrincə, belə davranışın kökündə uşaqlıq dövründə formalaşan hisslər dayanır. Bəzi insanlar vaxtilə əzilmiş şəxsiyyətlərini dirçəltmək üçün sağlam yollar axtarmaq əvəzinə, qarşılarına çıxan zəif insanları əzərək eqolarını tətmin etməyə çalışırlar:
“Belə şəxslərə dəyər, hörmət, qayğı, diqqət məsələləri ağır və çox zəhmətli gəldiyi üçün, asan olanı, avtoritarlığı və korkoranə üstünlük nümayiş etdirməyi seçirlər. Bu cür rəhbərlik metodu, ilk baxışda güclü görünə bilər, amma uzunmüddətli perspektivdə uğursuzluğa məhkumdur. Çünki belə mühitdə kollektivin inkişafından, birlik və doğmalıq hissindən söhbət gedə bilməz. İş mühitində sağlam dinamikanın olmaması isə iş keyfiyyətinə birbaşa təsir göstərir. Azərbaycanda bu cür idarəetmənin geniş yayılmasının səbəblərindən biri də mövcud iş sektorunda belə hallara göz yumulmasıdır.
Rəhbər vəzifəsinə ən çox səsi çıxan, avtoritar və qorxu üzərində idarə edən şəxslərin gətirilməsi yerinə, savadlı, peşəkar, həm özünün, həm də kollektivin inkişafına töhfə verməyə çalışan, çalışqan, demokratik düşüncəli və humanist yanaşmanı seçən insanların rəhbər olması vacibdir. Çünki rəhbər necədirsə, iş mühiti də onun enerjisini əks etdirir. Sağlam və ədalətli idarəçilik iş keyfiyyətinə və ümumi mühitə müsbət təsir göstərir”.
Mehin Mehmanqızı