"Azərbaycan mənim Vətənimdir və onun adından çıxış etdiyim üçün qürur duyuram..."
Azərbaycan "Eurovision-2025" mahnı müsabiqəsinə yəhudi ifaçı göndərəcək. Ölkəni müsabiqədə "Mamagama" triosu təmsil edəcək, onun solisti və aparıcı ifaçısı isə Asəf (Safael) Mişiyevdir.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
32 yaşlı Bakı sakini Mişiyev Azərbaycanın təxminən 40 min nəfərlik yəhudi icması arasında yaxşı tanınır. O, 2013-cü ildə dağ yəhudilərinin musiqi müsabiqəsinin qalibi olub, eyni zamanda Bakıda yəhudi icmasının klubunda uşaqlar və yeniyetmələr üçün vokal dərsləri keçir. Mişiyev 2020-ci ildə Rusiyanın "Səs" realiti-şousunda iştirak edib və qalib gəlməsə də, onun unikal ifa tərzi bir çox tamaşaçının rəğbətini qazanıb.
Bakıdan verdiyi müsahibədə müğənni bildirib: "İvrit dilini bilirəm və evdə bir qədər ivrit dilində oxuyuram. İsrailli musiqiçiləri, məsələn, "Mercedes Band", Asaf Avidan və Yael Naimi çox sevirəm. Bakıda yəhudi məktəbində oxumuşam və iki dəfə- ilk dəfə "Taglit" proqramı çərçivəsində, ikinci dəfə isə bütün dünyadan yəhudilər üçün keçirilən musiqi müsabiqəsində İsraildə olmuşam. Həmin yarışda Azərbaycanı təmsil etmişdim və qalib gəlmişdim".
Mişiyev əlavə edib: "Əgər israillilər "Eurovision"da mənə səs versələr, çox sevinərəm. Mən təkcə Azərbaycanı təmsil etdiyimi hiss etmirəm, bu, mənim vətənimdir və onun adından çıxış etdiyim üçün qürur duyuram. Eyni zamanda, mən bütün yəhudi xalqını da təmsil etdiyimi hiss edirəm, çünki valideynlərim yəhudidir. İsraili təmsil edəcək Yuval Rafael haqqında eşitmişəm və onu ürəkdən dəstəkləyirəm. Ona bütün qəlbimlə uğurlar arzulayıram".
Azərbaycanın Yəhudi Agentliyində fəxri səfir olan Roman Qureviç bildirib: "Azərbaycanda yəhudiləri həmişə seviblər, onlara nəsillər boyu isti münasibət və hörmət göstərilib. İsrail xalqı Azərbaycan xalqının bu isti münasibətini və ölkənin bizim üçün ən çətin anlarda göstərdiyi dəstəyi unutmamalıdır. Bu gün Azərbaycan bizim üçün mühüm və sadiq müttəfiqdir. Musiqi yarışmasına yəhudi ifaçının seçilməsi də bunun növbəti sübutudur".
İsrailin Azərbaycandakı səfiri Corc Dik isə qeyd edib: "Azərbaycan yəhudisi olan Asəf Mişiyevin istedadlı "Mamagama" qrupu ilə birlikdə "Eurovision" səhnəsində ölkəsini təmsil edəcəyini eşidəndə çox həyəcanlandıq. Azərbaycan bizim yaxın dostumuzdur. Bu, elə bir ölkədir ki, burada müsəlmanlar, xristianlar və yəhudilər birgə yaşayır", - o, deyib.
"Bu, Azərbaycanın beynəlxalq arenada yəhudi və ya xristian nümayəndələri təmsil etdiyi ilk hal deyil, idmanda, incəsənətdə və mədəniyyətdə bu, dəfələrlə baş verib. Uzun və çətin seçim mərhələsindən sonra Asəf və onun qrupunun seçilməsi Azərbaycanın açıq və ilhamverici ruhunun daha bir sübutudur. Öz adımdan və İsrail xalqı adından Asəfa, onun qrupuna və bütün Azərbaycana böyük uğurlar arzulayıram", - səfir bildirib.
Qeyd edək ki, İsraili "Eurovision-2025" mahnı müsabiqəsində "Nova" festivalından sağ çıxan Yuval Rafael təmsil edəcək.