Azərbaycanda işə qəbul: CV-yə baxan varmı?
Cəmiyyət
719
13 Feb 2025 | 19:48

Azərbaycanda işə qəbul: CV-yə baxan varmı?

"Zəhmət olmasa, CV göndərin".
 
Azərbaycanda işə qəbul olunmaq istəyən şəxslərin əksər hallarda eşitdikləri ilk söz bu olur.
 
İş yerlərində vakant vəzifələrə iddiaçılardan adətən "Curriculum Vitae" (Tərcümeyi-hal) sənədi və yaxud qısa formada CV tələb olunur. Bir çox məlumatların, o cümlədən namizədin təhsilinin və iş təcrübəsinin əks olunduğu CV Azərbaycanda işə qəbulda nə dərəcədə rol oynayır? Ona baxan varmı?
 
Moderator.az xəbər verir ki, "Report" mövzunu insan resursları (HR) üzrə mütəxəssislərlə müzakirə edib.
 
Onların sözlərinə görə, 10-15 il bundan əvvələ qədər Azərbaycanın əmək bazarında CV böyük önəm kəsb etməsə də, hazırda vəziyyət tamamilə fərqlidir. Bu sənədin düzgün və dolğun formada hazırlanıb təqdim olunması namizədin işə qəbul şansını xeyli artırır.
 
"Bu sənəd peşəkarlıq, təcrübə və bacarıq barədə məlumat verir"
 
"Global Media Group" MMC-yə daxil olan "Global Management" MMC-nin insan resursları üzrə baş meneceri Mələknaz Yusifova deyir ki, işə qəbul prosesində yaxşı tərtib edilmiş CV-nin rolu çox böyükdür. Onun sözlərinə görə, CV namizəd haqqında ilkin təəssürat yaradır və işəgötürənlərə həmin şəxsin peşəkarlığı, təcrübəsi və bacarıqları barədə məlumat verir.
"CV-də namizədin əsas bacarıq və təcrübələrinin qısa təsvirinin, işəgötürənə namizədin peşəkar baxışlarını təqdim edən qısa giriş hissəsinin, aldığı təhsil və ixtisas üzrə məlumatların, peşəkar və texniki bacarıqların, şəxsi keyfiyyətlərin, bildiyi dillərin və onların səviyyələrinin, əvvəlki iş yerlərinin, gördüyü işlərin və əsas nailiyyətlərinin olması çox vacibdir. Təqdim olunan məlumatlar dəqiq, aydın və konkret olmalıdır: İş təcrübəsi bölməsində namizədin çalışdığı müəssisələrdə yerinə yetirdiyi işlər qısa və anlaşılan şəkildə qeyd edilməlidir. Müraciət edilən vakansiyanın tələblərinə uyğun CV hazırlamaq və onun dizaynına diqqət yetirmək peşəkarlığın göstəricisidir", - deyə o qeyd edib.
 
"CV-də səhvlərə yol verirlər"
 
M.Yusifova deyir ki, bəzən namizədlər CV-də bir sıra səhvlərə yol verirlər: "Bu səhvlər işə qəbul prosesində onların şanslarını azalda bilər. Birinci yanlışlıq CV-nin standart formada - şablon üzrə hazırlanmasıdır. Halbuki müxtəlif peşələr üçün CV-nin məzmunu və dizaynı fərqli olmalıdır. Dizaynerlər və yaradıcı sahədə çalışanlar üçün CV vizual baxımdan cəlbedici və fərqli üslubda olmalı, namizədin yaradıcılıq qabiliyyətini əks etdirməli, fərqli düşünmə bacarığını göstərməlidir. Jurnalistlər üçün CV informativ və məzmun baxımından dolğun olmalıdır. Burada yazdığı məqalələrdən və reportajlardan nümunələr yer almalıdır. Maliyyəçi və hüquqşünaslar üçün rəsmi üslubda, ciddi, strukturlaşdırılmış CV hazırlanmalıdır. Bu sahədə çalışan şəxslərin analitik-hüquqi bilikləri vurğulanmalıdır. Mühəndis və texniki ixtisas sahibləri üçün CV-də həyata keçirdikləri layihələr, istifadə etdikləri proqram təminatları, konkret texniki bacarıqlar qeyd olunmalıdır. İnformasiya texnologiyaları mütəxəssisləri üçün CV-də proqramlaşdırma dilləri, işlədikləri platformalar və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verilməlidir".
"İkinci yanlışlıq CV-də məlumatların həddindən çox və ya az - natamam verilməsidir. Bəzi namizədlər işəgötürəni maraqlandıracaq əsas məqamları vurğulamaq əvəzinə, uzun və lazımsız detallara yer verirlər. Üçüncü yanlışlıq dil və qrammatik səhvlərin olmasıdır. İşəgötürən üçün namizədin yazı üslubu və diqqətliliyi çox önəmlidir. Səhvlərlə dolu CV namizədin qeyri-peşəkar təsir bağışlamasına səbəb ola bilər. Dördüncü yanlışlıq CV-nin bütün vakansiyalar üçün eyni şəkildə göndərilməsidir. Hər iş yerinə uyğun olaraq CV-nin müəyyən hissələrini uyğunlaşdırmaq lazımdır. "Beşinci yanlışlıq şəxsi foto seçimidir. CV-də qeyri-rəsmi və peşəkar görünməyən şəkillərin istifadə edilməsi düzgün deyil", - deyə HR mütəxəssisi əlavə edib.
 
İşəgötürənlər namizəd seçimində nəyə üstünlük verir?
 
Təlimçi və iş dünyası mentoru İlham Musayev hesab edir ki, CV-nin mövcudluğu vacib olsa da, onun məzmunu daha önəmlidir.
 
"CV lazımi informasiyanı əhatə etməli və müasir dövrün tələblərinə uyğun bacarıqları əks etdirməlidir. İşəgötürənlər namizəd seçimində aşağıdakı şəxsi keyfiyyətlərə xüsusi önəm verirlər:
 
Kreativlik və innovativ düşüncə tərzi - Yeni ideyalar təqdim etmək və problemləri fərqli yanaşmalarla həll etmək bacarığı;
 
Öyrənməyə açıq olmaq - Yeni bilik və bacarıqlar əldə etməyə daim maraq göstərmək;
 
Fikrini ifadə etmə bacarığı - Problemlərin həlli üçün təkliflər irəli sürmək və təşəbbüskar olmaq;
 
Kömək istəmək və komanda ilə işləmək bacarığı - Düzgün şəkildə yardım istəməyi bilmək və kollektiv mühitdə effektiv fəaliyyət göstərmək;
 
Fürsətləri düzgün dəyərləndirmək - İş şəraitindən asılı olmayaraq inkişaf etmək və öz potensialını ortaya qoymaq", - deyə o qeyd edib.
İ.Musayev vurğulayır ki, işçinin əsas xüsusiyyətləri yerində olduqdan sonra onun digər bacarıqlarını inkişaf etdirmək işəgötürənin məsuliyyətidir: "Azərbaycanda işə qəbul prosesində CV mühüm rol oynayır və onun düzgün hazırlanması namizədin uğur şansını artırır. İşəgötürənlər namizəd seçimində yalnız təcrübəyə deyil, həm də kreativlik, innovativlik, komanda işi və öyrənmə həvəsi kimi faktorları nəzərə alırlar. Gənc namizədlər üçün isə işə qəbulda uğur qazanmağın əsas yollarından biri təcrübə proqramlarında və təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirməkdir. Peşəkar və inkişaf yönümlü kadrlar hər zaman əmək bazarında yüksək dəyərləndirilir və işəgötürənlər üçün prioritet hesab olunur".
 
Bir sözlə, görünən odur ki, Azərbaycanda "adamın gərək adamı olsun" dövrü başa çatmaq üzrədir və əksər iş yerlərində bacarıqlı kadr axtarışındadırlar. Namizəd sadəcə öz potensialını CV-də düzgün ifadə etməlidir ki, necə deyərlər "CV-yə baxan olsun".
Link kopyalandı!
Son xəbərlər