Bizi sosial şəbəkələrdən izləyin:
Son zamanlar maaşla bağlı məsələlər tez-tez gündəmə gətirilir. Belə ki, hansı peşə sahəsindən asılı olmayaraq insanların bir qismi aldıqları əmək haqqından narazıdırlar.
Təbii ki, bu cərgədə müəllimlərdə yer alır. Xüsusilə də kişi müəllimlər qeyd edirlər ki, aldıqları maaş bu gün bir ailəni dolandırmağa yetmir. Buna görə də bəzən kişilər əlavə bir işlə məşğul olmağa məcbur qalırlar.
Bəs, görəsən, bu problemə səbəb nədir? Bu nöqteyi-nəzərdən kişi müəllimlərin maaşı qaldırılmalıdırmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sosioloq Mail Yaqub qeyd edib ki, ali təhsil müəssisələrində dərs deyən müəllimlərin xüsusilə maaşları çox aşağıdır:
"Bu bizim ağrılı yerimizdir. Təəssüflər olsun ki, Azərbaycanda bir çox sahələrdə maaşlar kifayət qədər deyil. Bu sahələrdən biri də müəllimlik peşəsidir. Hətta qeyd etmək lazımdır ki, ali məktəblərdəki vəziyyət orta məktəb müəllimlərinin vəziyyətindən daha ağırdır. Bu səbəbdən, ali təhsil müəssisələrində dərs deyən müəllimlərin maaşları xüsusilə çox aşağıdır.
Təsəvvür edin ki, fəlsəfə doktoru, dosent səviyyəsində olan bir müəllim yalnız 700 manat maaş alır. Axı bu, həmin alimin elmi səviyyəsinə uyğun gəlirmi? O əmək haqqı təhsilverənin məhsuldarlığını artıra bilərmi? Xeyr. Eyni vəziyyət orta məktəblərdə də müşahidə olunur. Beləliklə, müəllimlər repetitorluq fəaliyyətinə üz tuturlar. Bu isə öz növbəsində müəllimlərin istirahət vaxtını əlindən alır və ümumiyyətlə həyatını çətinləşdirir.
Buna görə də, bütün sahələrdə, xüsusilə müəllimlik sahəsində maaşların artırılması çox vacibdir. Ən azından hazırkı maaşdan üç dəfə çox olarsa, vəziyyət daha yaxşı olar. Bu gün repetitorluğun qarşısının alınması məsələsi də gündəmdədir. Əgər biz bunu həll etmək istəyiriksə, mütləq müəllimlərin maaşlarını artırmalıyıq."