Bizi sosial şəbəkələrdən izləyin:
Keçən il Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda qohum - əmi, xala, bibi və dayı uşaqları arasında evliliyə qadağa qoyulub. Eyni zamanda erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilik təkmilləşdirilib. Artıq 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki istisnalar ləğv olunub. Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Modern.az xəbər verir ki, erkən nikahlara qoyulan qadağanın tənzimlənməsi üçün İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər edilib. Belə ki, dəyişiklik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-3-cü maddəsi “Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbin kəsmə” ilə bağlıdır. Bu maddə iki bənddən ibarətdir:
Maddə 189-3.1. Yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbin kəsməyə görə fiziki şəxslər min manat məbləğində cərimə edilir.
Maddə 189-3.2. Əgər bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilərsə, fiziki şəxslər iki min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Bu maddə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının qorunması və erkən nikahların qarşısının alınması məqsədini daşıyır.
Lakin qohum evliliklərinin qarşısını almaq üçün qanunvericilikdə cəzalar nəzərdə tutulmayıb. Bu da nəticədə iyunun 1-dən rəsmi olaraq ailə həyatı qura bilməyən qohum şəxslərin asanlıqla dini və vətəndaş nikahı qura bilməsinə şərait yarada bilər. Ekspertlər cəzaların olmamasının vətəndaş nikahlarının artmasına səbəb ola biləcəyini düşünür.