Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü ilin son ayında iri ticarət şəbəkələrində çoxlarının “ferma yumurtası” dediyi broyler yumurtasının qiymətində ciddi artım müşahidə edildisə, hazırda vəziyyət tamamilə dəyişib.
Əvvəllər 12-13 qəpiyə satılan yumurta dekabrın ortalarında daha baha qiymətə - 17-18 qəpiyə təklif olunurdusa, hazırda həmin yumurta iri ticarət şəbəkələrində 8-9 qəpiyə satışa qoyulub.
Yumurtanın qiymətində birdən-birə bu qədər enişin müşahidə olunması nə ilə bağlıdır?
Mövzu ilə bağlı “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Titul.az-a açıqlama verib.
O, yumurtanın qiymətinin bu qədər düşməsinin səbəbi və qiymətlərin ucuzlaşmasının hansı proseslərlə nəticələnəcəyi barədə deyib:
"Bazarda süfrə yumurtası istehsalı kifayət qədər artıb və tələbat azalıbdır. Ona görə də hər kəs malını satmaq istəyir, bir-biri ilə rəqabət aparırlar və bu rəqabətdən də qiymətlər kəskin sürətdə aşağı düşür.
Deyim ki, bu gün yumurta ixracımız da kifayət qədərdir. Əsasən Giləzi və Hacıqabul fabriki ixrac edir. Yəqin ki, hər şey daha da normala dönəcək, qiymətlər də stabilləşəcək".
"Qiymətlərin ucuzlaşması yaxşı hal deyil. Səbəb odur ki, yumurta hazırda maya dəyərindən aşağı qiymətə satılır. Qİymətin maya dəyərindən aşağı olması da gələcəkdə haradasa, bizə yumurta istehsalı ilə məşğul olan həmin fabriklərin, xüsusilə kiçik fabriklərin iflasına səbəb ola bilər. Ona görə, maya dəyərində, maya dəyərindən az bir miqdarda yuxarı qiymətə satışı respublikada bu bazarın dirçəlişini xidmət edir. Bu səbəbdən, hal-hazırda tədbirlər görülür ki, maya dəyərindən aşağı satılmasın. Yəqin ki, yaxın gələcəkdə hər şey öz yerinə qayıdar", - deyə M.Həsənli bildirib.(Titul.az)