Azərbaycanda çoxluq niyə qara rəng geyinir? – Psixoloqdan açıqlama
Cəmiyyət
621
14:32, Bu gün

Azərbaycanda çoxluq niyə qara rəng geyinir? – Psixoloqdan açıqlama

Rənglərin insanın həyatında rolu danılmazdır. Qədim zamanlardan hər bir konkret rəngə müəyyən məna verilib. Dünyamızın rəngləri bizə təkcə psixoloji və emosional təsir etməklə qalmır, xarakter və sağlamlığımızda da iz qoyur. Azərbaycanda ən çox istifadə olunan rənglərdən biri olan qara rəng, xüsusilə insanların seçimlərini və daxili vəziyyətlərini əks etdirən mühüm bir faktor olaraq qarşımıza çıxır. Bu rəngin seçilməsinin yalnız modaya uyğun olmaqla əlaqəli olmadığını, əslində daha dərin psixoloji və mədəni səbəblərin olduğunu söyləmək mümkündür. Küçədə, iş yerlərində, tədbirlərdə və gündəlik həyatda insanların qara geyimə üstünlük verməsi diqqət çəkir. Halbuki bir çox ölkələrdə insanlar daha rəngarəng və cəsarətli geyimlər seçir. Bəs bu qara sevginin arxasında nə dayanır? İnsanlar niyə əlvan rənglərdən çəkinir? Qara rəng güvən hissini artırır, yoxsa daxili psixoloji vəziyyətin bir əksi kimi çıxış edir?
Bu barədə Moderator.az-a danışan psixoloq Aynur İsmayılova deyir ki, qara rəng, rənglərin ən klassik və güclü simvollarından biridir. Dünyada ilk olaraq qara və ağ rənglər mövcud olmuş, digər rənglər isə bu iki əsas rəngin çalarları əsasında yaranmışdır:
“Məsələn, qırmızı rəngin tündlüyü artırıldıqca, sonda qara rəngə qədər gedib çıxa bilər. Eyni şəkildə, açıq rənglər isə ağ rəngin açıq tonları olaraq formalaşmışdır. Qara rəng, eyni zamanda həm ciddiliyin, həm də gizliliyin simvoludur. Sosial aləmdə, xüsusilə yüksək vəzifədə olan şəxslərin, prezidentlərin və ya avtoritet insanların geyimində bu rəng mütləq şəkildə yer alır. Çünki qara rəng, status və güc göstəricisi olaraq qəbul edilir. Onun tündlüyü və sadəliyi, ciddilik və peşəkarlığı ifadə edir. Azərbaycanda qara rəngə olan üstünlük, yalnız sosial status və ciddilik simvolu olmaqla məhdudlaşmır. Bu rəng, eyni zamanda soyuqluğu, sərhədlərin qorunmasını və müəyyən bir qapanma hissini də ifadə edir. Qara rəngin mənasında bir matəm və ya kədər hissi də vardır. Mədəniyyətimizdə, xüsusilə matəm dövründə, kədərli vəziyyətlərdə qara rəngin seçilməsi, bu rəngin emosional təzahürüdür. Bu səbəbdən Azərbaycanda insanlar, tünd rəngli geyimlərə daha çox üstünlük verirlər. Bu, həm də sosial və psixoloji səbəblərlə bağlıdır”.
Psixoloq əlavə edib ki, günəşli ölkədə olmağımıza baxmayaraq sanki qəmi, kədəri üstün tutduqlarına görə tünd rənglərə üstünlük verirlər:
“Hissimiz düşüncəmizə, düşüncəmiz isə birbaşa davranışımıza təzahür edir. Necə hiss ediriksə, o cür düşünürük və yaxud nə düşünürüksə, onu hiss edirik və eyni zamanda bu davranışlarımızda da  göstərir. Bizim insanlar qəmə, kədərə meyilli insanlardılar. Sanki açıq rəngli geyinən insanlara bəxtəvər, eyni zamanda xoşbəxt kimi baxırıq. Bəzən açıq geyim insana yaraşsa da, bəzi insanlar  özlərinin xislətlərinə uyğun olaraq “sənə bu geyim yaraşmır” deyirlər. Əgər biz rəngarəngliyin və optimizmin əhəmiyyətini həyatımıza daxil edər, bu yanaşmanı cəmiyyətə aşılayarsaq, insanların düşüncə tərzi daha müsbət olar. Optimist insanlar, sadəcə rəngarəng geyimlərə üstünlük verməklə deyil, həm də ətraflarına müsbət enerji, ümid və yaxşı sözlər ötürməklə başqalarına da təsir edərlər. Beləliklə, bu yanaşma insanların həyatına sevinc, ümid və rahatlıq gətirər, onları qəmdən və qüssədən uzaqlaşdırar”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər