Peşə təhsili ilə bağlı güzəşt daha kimlərə şamil ediləcək?
Cəmiyyət
601
15:07, Bu gün

Peşə təhsili ilə bağlı güzəşt daha kimlərə şamil ediləcək?

Güzəşt azad edilmiş ərazilərdə məskunlaşıb digər yerlərdə peşə təhsili almaq istəyənlərə də şamil olunacaq.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
 
Onun sözlərinə görə, istisnasız olaraq bütün əhaliyə münasibətdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşan şəxslər təkcə orada deyil, başqa ərazilərdə də peşə təhsilini pulsuz ala biləcəklər:
 
"Tutaq ki, şəxs Ağdam və ya Füzulidə məskunlaşıbsa, amma məsələn, Tərtərdə və ya Bərdədə peşə təhsili almaq istəyirsə, güzəştdən yararlana biləcək. Gələcəkdə digər sahələrdə də güzəştlər nəzərdə tutula bilər. Amma hələlik bu dəyişikliklər üç illik proqram üçün nəzərdə tutulub".
 
14:08
 
Azərbaycanda təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin siyahısı genişləndirilir.
 
Moderator.az  "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliklər təklif olunub.
 
Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilir.
 
Qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.
 
Qeyd olunub ki, layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.
Link kopyalandı!
Son xəbərlər