Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü ildə qlobal temperatur rekord yüksək səviyyəyə çatıb. Bu, planetin 1.5°C-dən artıq istiləşmə dövrünə daxil olmasının əlaməti ola bilər.
Rekord beynəlxalq alimlər qrupunun bununla bağlı tədqiqatlarının nəticələri “Nature Climate Change” jurnalında dərc edilib.
Məqalədə Ümumdünya Meteorologiya Təşkilatına istinadla bildirilir ki, 2024-cü il qlobal temperaturun 1.5°C-i keçdiyi ilk tam təqvim ili olub.
“Son 125 min ildə müşahidə edilməyən bu göstərici ciddi narahatlıq doğurur. Hər əlavə dərəcə daha ekstremal hava şəraiti və biomüxtəlifliyin itirilməsi deməkdir”, – deyə alimlər xəbərdarlıq ediblər.
Kompüter modelləşdirməsindən istifadə edən tədqiqatçılar hesab edirlər ki, 2024-cü ildə bu həddin keçilməsi, növbəti 20 illik dövrdə 1.5°C-lik istiləşmənin davam edəcəyinin göstəricisidir.
İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun qiymətləndirmələrinə əsasən, 1.5°C həddində temperaturun saxlanılması qlobal istiləşmənin ən fəlakətli nəticələrindən yan keçməyə imkan verə bilər. Lakin artıq 2024-cü il mümkün gələcəyin reallığını göstərdi: dağıdıcı qasırğalar, yanğınlar və daşqınlar nəhəng iqtisadi zərərə səbəb olub.
Alimlər xəbərdarlıq edirlər ki, 1,5°C-lik istiləşmə mərcan riflərinin 90%-ə qədərinin məhv olması və quru ərazilərində yaşayan növlərin 14%-nin yox olması təhlükəsi yaradır. Əgər temperatur 2°C-yə qədər artmağa davam edərsə, bu Arktika buzlarının və əbədi donuşluğun əriməsinə, metanın ayrılmasına və dünya okeanının səviyyəsinin bir neçə metr qalxmasına səbəb ola bilər.