Akif Nağı təşkilat, partiya sədrliyi ilə yanaşı, həm də Azərbaycan tarix üzrə mütəxəssis, Texniki Universitetin dosenti, tarix üzrə fəlsəfə doktoru, tariximizə dair bir sıra kitab və məqalələrin müəllifidir. Ötən illərdə onun “Qarabağ həqiqətləri”, “Qarabağ müharibəsi. Qısa tarix”, “Azərbaycanın ən yeni tarixi” və digər kitabları oxuculara təqdim olunub.
Moderator.az xəbər verir ki, indi isə son 5 ilin tədqiqat və ümumiləşdirmələrinin nəticəsi olaraq, “Azərbaycan tarixi (ən qədim zamanlardan müasir dövrədək)” kitabı “Zərdabi nəşr”-də çapdan çıxıb. Kitaba tarix elmləri doktoru, professor İsmayıl Musa və iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi rəy verib, nəşrin məsul redaktorları isə Novruz Novruzov və Ceyhun Tağıyevdir.
Kitabda ən qədim dövrlərdən bu günə qədərki tariximiz xronoloji ardıcıllıqla, dövrlərə və mərhələlərə uyğun olaraq əks etdirilib. Əsərin müəllifi Akif Nağı bildirib: “Biz bu kitabla tariximizi bütün təhrif, saxtakarlıq, yalanlardan təmizləməyə, beş min illik dövlətçiliyimizi aydın şəkildə təqdim etməyə, həqiqi tariximizi yazmağa çalışmışıq. Biz Azərbaycan tarixinin yeni konsepsiyasını təqdim edir, bu konsepsiyanın hər kəs tərəfindən dəstəklənəcəyinə inanır, rəsmi tarix elmimizə bu konsepsiyaya əsaslanmağı təklif edirik. Əlbəttə, hər bir yeniliyin təkmilləşməsinə, dəqiqləşdirilməsinə, düzəlişlərə ehtiyacı var. İstərdik ki, təklif etdiyimiz konsepsiya variantına qərəzli mövqedən deyil, məhz bir az əvvəl qeyd etdiyimiz amillər nəzərə alınmaqla yanaşılsın. Biz istənilən səviyyədə müzakirə və diskussiyalara hazırıq, eyni zamanda ictimai rəyin nəzərə alınmasının da tərəfdarıyıq.
Biz bilirik ki, dövlət rəhbərliyi Azərbaycan tarixinin optimal, obyektiv, dəqiq variantının yazılmasında maraqlıdır, dövlət başçısı bu istiqamətdə vaxtaşırı tapşırıq və göstərişlərini verib, fikirlərini səsləndirib. Biz bu kitabı həm dövlət başçısının tələbi, həm də köhnə tarix kitablarımızla bağlı cəmiyyətdə olan narazılıq və tənqidləri, yeni konsepsiyaya uyğun kitabın yazılmasına dair sosial sifarişi nəzərə alaraq hazırlayıb yazmışıq. Biz inanırıq ki, bu niyyətimiz dövlət, tarix elminə aid rəsmi qurumlar, tədqiqatçılar, cəmiyyət səviyyəsində nəzərə alınacaq, hamının istədiyi “Azərbaycan tarixi” kitabının yazılması istiqamətində ən ciddi addım, təşəbbüs kimi dəyərləndiriləcəkdir. Sonda “biz” ifadəsindən “mən” mövqeyinə keçərək bildirmək istəyirəm ki, həqiqi, düzgün, obyektiv, yeganə “Azərbaycan tarixi” kitabının müəllifliyinə iddialıyam, amma irad, arzu, təklifləri də dinləməyə, imkan daxilində nəzərə almağa hazıram”.
Kitab dostların maliyyə dəstəyi ilə çap olunub, dərslik, dərs vəsaiti, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.