Azərbaycanda 69 min insan xərçənglə mübarizə aparır - Rəqəmlər niyə artır?
Cəmiyyət
350
16:25, Bu gün

Azərbaycanda 69 min insan xərçənglə mübarizə aparır - Rəqəmlər niyə artır?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli qorxunc statistika açıqlayıb. O qeyd edib ki, 2023-cü ilin statistik məlumatlarına əsasən, hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qeydiyyatdadır. Şübhəsiz ki, 2024-cü ildə bu statistika da artıb.
 
Onu da qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.
 
Kərimlinin sözlərinə görə, 69 min 435 nəfərdən 25 min 257-si bu xəstəliklə beş il və beş ildən yuxarı yaşayan insanlardır:
 
"2023-cü ildə 5 min 668 xəstəyə birinci-ikinci mərhələdə diaqnoz qoyulub. 4 min 608 nəfərə üçüncü, 3 min 390 nəfərə isə dördüncü mərhələdə diaqnoz qoyulub".
 
Onkoloq bu xəstəliyin vaxtında aşkarlanması üçün insanların məlumatlı olmasının vacibliyinə də toxunub:
 
"Bu mövzuda maarrifləndirmə işləri mütəmadi şəkildə davam etməlidir. Bu xəstəliklə əlaqəli bütün cəmiyyət, ölkə mübarizə aparmalıdır. Onkoloqlar tək başına bu yükün altına girə bilməz. Hazırda ən böyük "təbliğat maşını" televiziyalardır. Televiziyalarda bu sahədə maarifləndirmə işləri isə çox zəifdir. Heç olmasa, həftədə bir dəfə verilişlərdə onkoloji problemlərə yer ayrılmalıdır. Bəzən televiziyalarda bu mövzuya vaxt ayrılsa da, daha çox özəl klinika və həkimləri reklam olunur. Bu, doğru deyil".
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2022-ci ildə dünyada təxminən 20 milyon yeni xərçəngə tutulma qeydə alınıb, 9,7 milyon insan xərçəngdən dünyasını dəyişib. Hesabata görə, hər beş insandan biri həyatında xərçəngə tutulur, hər doqquz kişidən, hər on iki qadından biri bu xəstəlikdən vəfat edir.
 
Təşkilatın proqnozlarına görə, 2050-ci ilə qədər hər il 35 milyon yeni xərçəngə tutulma qeydə alınacaq, bu da 2022-ci illə müqayisədə 77% artım deməkdir. Ekspertlər qeyd edir ki, pandemiya dövründə xərçəng diaqnozu və müalicəsi ciddi şəkildə azalıb. Dünyada 1 milyon xərçəng halı pandemiya səbəbindən vaxtında aşkar edilməyib. 2020-ci ilin ilk ilində xərçəng diaqnozu 23%, müalicə isə 28% azalıb. Xərçəngin erkən aşkar edilməsi üçün nəzərdə tutulan skrininq testləri də əhəmiyyətli dərəcədə azalıb, bəzi ölkələrdə isə bu rəqəm 59%-ə çatıb.
 
Bəs Azərbaycanda xərçəng xəstəliyinə tutulanların sayı niyə artır?
 
Onkoloq həkim Nəsimi Qasımov bu barədə Musavat.com-a danışıb. Həkim deyib ki, xərçəng xəstəliyi ilbəil artacaq:
 
 “Bunun bir neçə əsas səbəbi var: birincisi, insanlar qidalanma vərdişlərini dəyişir və daha çox ət və yağlı qidalardan istifadə edirlər. Hərçənd bəziləri həyat şəraitindən şikayət etsə də, ümumilikdə qidalanma imkanları genişlənib.
 
İkincisi, ətraf mühitin çirklənməsi sürətlə artır. Sənaye tullantıları, hava və suyun çirklənməsi insan sağlamlığına mənfi təsir göstərir.
 
Üçüncüsü, siqaret çəkənlərin sayı artır. Siqaret artıq gündəlik həyatın bir parçasına çevrilib və bu, ağciyər xərçəngi də daxil olmaqla bir çox xəstəliklərin yaranma riskini yüksəldir.
 
Dördüncüsü, insanların həyat tərzi getdikcə daha passiv hala gəlir. Gün ərzində qəbul edilən qidanın bədəndə düzgün şəkildə işlənməsi üçün hərəkət və fiziki fəaliyyət vacibdir. Lakin son illərdə insanların idmana marağı xeyli azalıb. Uşaq idmanı sıfıra düşüb.
 
Bu amillər birlikdə xərçəngin yayılmasına və ümumi sağlamlıq problemlərinin artmasına səbəb olur. Sağlam həyat tərzi və düzgün qidalanma bu riski azaltmaq üçün vacib addımlardır.
 
Daha bir məsələ, indi insanlar karyera dalınca qaçır və gec ailə qurur, gec uşaq sahibi olurlar. Uşaq sayı da daha çox bir uşaq olur ki, bu da sonradan qadın və kişilərdə bədxasiyyəli şişlərin yaranmasına gətirib çıxarır.
 
Həmçinin biz istəsək də, istəməsək də, təbii radiasiya artır.
 
Biz indi ona görə "yaşıl təbiət"ə keçid edirik. Çünki yaşıl təbiət sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, bir çox xəstəliklərin, o cümlədən onkoloji xəstəliklərin qarşısının alınmasına kömək edə bilər.
 
Daha bir məsələ, bəzi ölkələrdə, məsələn Qazaxıstanda döş vəzi xərçəngi erkən mərhələdə – I və II stadiyada 88% hallarda aşkarlanır. Bizim ölkədə isə bu göstərici cəmi 52%-dir. Niyə? Çünki profilaktik müayinələr kifayət qədər təşkil olunmayıb.
 
Sığorta tibbi xidmətləri mövcuddur, lakin insanlar mütəmadi müayinədən keçmir. Bunun əsas səbəbi onların yaşadığı ərazilərdə tibbi yoxlanış üçün şəraitin olmamasıdır. Mərkəzi klinikalarda isə uzun növbələr var və proses vaxt aparır.
 
Onkoloji xidmətlərin təşkili isə yarı bölünüb – bir qismi TƏBİB-ə, bir qismi səhiyyə nazirliyinə tabedir. Bu səbəbdən periferiyalarda yaşayan xəstələrə vaxtında yardım göstərmək çətinləşir.
 
Beləliklə, onkoloqlar işləyir, xəstələr müalicəyə cəlb edilir, lakin profilaktik baxış proqramları kifayət qədər inkişaf etməyib. Xəstəliklərin erkən aşkarlanması üçün bu cür proqramların olması vacibdir".
Link kopyalandı!
Son xəbərlər