Övladını ixtisas seçimi etməyə məcbur etmək hüquqi baxımdan doğrudurmu? Hər bir valideyn övladının uğurlu gələcəyini arzulayır. Uşaqlarının sabaha daha yaxşı addımlarla irəliləməsi üçün valideynlər onların təhsil və peşə seçimində mühüm rol oynayırlar. Lakin bu müdaxilə dəyərləndirmə və məsləhət verməkdən ibarət olmalıdır, yoxsa valideynlər övladlarını öz arzularına uyğun ixtisasa yönləndirməkdə sərbəstdirlər?
Bəzi ailələrdə təəssüf ki, "biz bilirik, sənin üçün ən yaxşısı budur" yanaşması ilə övladın öz maraqları nəzərə alınmadan onun gələcəyi müəyyən edilir. Amma bu, hüquqi və etik cəhətdən nə dərəcədə doğrudur? Uşağın iradəsinə zidd peşə seçiminin məcburi olması onun fundamental hüquqlarının pozulması hesab edilə bilərmi?
Gəlin, Azərbaycan qanunvericiliyi, xarici ölkələrin hüquqi təcrübəsi və Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri prizmasından yanaşaraq valideynlərin övladın ixtisas seçiminə müdaxilə etməsinin hüquqi sərhədlərinə nəzər salaq.
Hər şeydən əvvəl, qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 34.2.1-ci maddəsinə görə valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələrindən biri övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaqdır.
Dolayısilə qeyd edək ki, valideynlər uşaqlarına təhsil almaqda yardım etməli və onların maraqlarını nəzərə almalıdırlar. Lakin qanun valideynlərə uşağın peşə və təhsil seçimini məcburi şəkildə müəyyən etmək hüququ vermir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququna malikdir.
Bu baxımdan, hesab edirik ki, əgər valideynlər uşağı istəmədiyi bir peşəyə yönləndirir və onu məcbur edirsə, bu, uşağın şəxsi azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər.
Belə olduqda, uşaq nə edə bilər? "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbit olunur ki, uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
Ölkəmizin qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 12-ci maddəsində deyilir ki, "İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir".
Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, "Uşağın öz fikrini sərbəst ifadə etmək hüququ vardır..."
Bu müddəalardan da o nəticəyə gəlmək olar ki, valideynlər övladlarına yön verə bilər, lakin onların iradəsinə zidd qərarlar qəbul etmək hüquqi və etik baxımdan ciddi problem yaradar.
Sözügedən məsələ ilə bağlı xarici ölkələrin təcrübəsinə də nəzər salsaq, görərik ki, valideynlərin uşağın təhsil və peşə seçimində məcburi müdaxiləsi yolverilməz hesab edilir. Məsələn, Almaniyada valideynlərin uşağın ixtisas seçimində sərbəstliklərini məhdudlaşdırması məhkəmələr tərəfindən azadlığa müdaxilə kimi qiymətləndirilir.
ABŞ-da isə valideynlər övladlarına məsləhət verə bilər, lakin məcbur etmə hüququ yoxdur. Əks halda, uşağın azad seçim hüququ pozulmuş sayılır.
Haqqında söhbət açdığımız məsələyə dair Avropa Məhkəməsinin mövqeyi də maraqlıdır. Məlum olduğu kimi Avropa Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu təmin edir. Bu maddə müstəvisində Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında uşağın öz həyatını planlama hüququnu xüsusilə vurğulayır. Məsələn, "Konrad və digərləri Almaniyaya qarşı" (2006) işində məhkəmə valideynlərin uşaqların təhsilinə nəzarət hüququnu tanısa da, uşağın maraqlarının əsas götürülməli olduğunu qeyd edib. "Campbell və Cosans Birləşmiş Krallığa qarşı" (1982) işində isə məhkəmə uşağın şəxsiyyətinin və azad iradəsinin formalaşmasına müdaxiləni hüquq pozuntusu kimi qiymətləndirmişdir.
Bu presedentlər valideynlərin övladlarına yol göstərmək haqqının olduğunu, lakin onları məcbur edə bilməyəcəyini göstərir.
Beləliklə, valideynlər uşağın gələcəyini düşünərək ona dəstək verməli, lakin məcburi şəkildə onların seçimlərini məhdudlaşdırmamalıdırlar. Azərbaycan qanunvericiliyi, Avropa Konvensiyası və digər beynəlxalq hüquqi sənədlər, eləcə də beynəlxalq təcrübə uşağın maraqlarının və seçim azadlığının əsas olduğunu təsdiqləyir. Buna görə də valideynlər övladlarını peşə seçimində dəstəkləməli, onlara düzgün istiqamət göstərməli, lakin iradələrinə zidd qərarlar qəbul etməməlidirlər.
Bəs, peşə seçimində "ailənin nəzarəti" və "şəxsi seçim azadlığı" arasında balans necə gözlənilməlidir?
Bu həssas məsələdə valideynlər uşaqlarına bilik və təcrübələrinə əsaslanaraq məsləhət verə bilər, onların potensialını və bacarıqlarını düzgün qiymətləndirərək istiqamət göstərə bilərlər. Lakin bu proses məcburiyyətə yox, inandırmaya əsaslanmalıdır. Valideynlər övladlarına müxtəlif ixtisas sahələri haqqında məlumat verərək seçim etmələrinə kömək edə bilərlər. Bu baxımdan valideynlərin uşağın hansı sahədə daha uğurlu ola biləcəyini obyektiv qiymətləndirməsi və onu bu istiqamətdə həvəsləndirməsi olduqca vacibdir.
Unudulmamalıdır ki, peşə seçimi fərdin gələcək həyatına və xoşbəxtliyinə birbaşa təsir edən mühüm qərardır. Buna görə də, uşağın seçim hüququna hörmət edilməlidir.
Hər bir halda uşaq öz maraqlarını, istedadlarını və hədəflərini ifadə etməyə təşviq olunmalıdır. Bu işdə valideynlər uşaqlarına müxtəlif peşə sahələrində təcrübə qazanmaq üçün kurslar, könüllülük proqramları və ya staj imkanları yaradılmalıdır.
Yunis Xəlilov
Hüquqşünas