Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi Özbəkistanda elektron siqaretin idxalı, istifadəsi qadağan edilib. Səbəb elektron siqaretlərin zərərinin adi tütün məhsulları ilə müqayisədə insan orqanizmi üçün qat-qat ziyanlı olmasının elmi şəkildə sübut olunmasıdır.
Qeyd edək ki, elektron siqaret bazarı dünyada ən dinamik inkişaf edən sektorlar arasındadır. Bu məhsulların satış artımı əsasən effektiv reklam və peşəkar marketinq strategiyaları hesabına baş verir. Xüsusilə gənclər adi siqaretlərdən daha təhlükəsiz olduğunu düşünərək elektron siqaretlərə maraq göstərir və bu sahənin əsas hədəf auditoriyasına çevrilirlər.
Bununla belə, həkimlər və səhiyyə təşkilatları dəfələrlə bildiriblər ki, “təhlükəsiz siqaret” anlayışı mövcud deyil. Bəzi ölkələr artıq elektron siqaretlərin tam qadağan olunması yolunu seçib. Digərlərində isə onların satışına və istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq edilir. ÜST-ün məlumatına görə, 34 ölkədə elektron siqaretlərin satışı tamamilə qadağan olunub.
Mövzu ilə bağlı Musavat.com-a danışan Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda elektron siqaretlərin idxalı qadağan oluna bilər:
“Elektron siqaretlərin idxalı ilə bağlı bəzi ölkələrdə qadağalar və məhdudiyyətlər mövcuddur. Ümumiyyətlə, siqaret çəkməyə, siqaret idxalına, istehsalına və istifadə olunmasına yanaşma müxtəlif ölkələrdə fərqli təcrübələrə əsaslanır. Məsələn, bəzi ölkələrdə siqaretlər müəyyən yaş qruplarına satılmır. Bəzi ölkələrdə isə siqaret çəkmək üçün xüsusi ayrılmış yerlər mövcuddur. Həmçinin, bəzi ölkələrdə bu qaydaları pozanlara cərimələr tətbiq edilir. Qeyd olunduğu kimi, elektron siqaretlər son illərdə çox populyarlaşıb və düşünülürdü ki, onlar zərərsizdir. Lakin aparılan tədqiqatlar və müşahidələr göstərdi ki, elektron siqaretlərin ciddi ziyanları və asılılıq yaradan təsirləri var. Buna görə də bir sıra ölkələr bu məhsullardan imtina etməyə başladı. Əlbəttə ki, zərərli vərdişlər və insan orqanizminə zərərli məhsullar olaraq, yaxın gələcəkdə ölkəmizdə də bu sahəyə diqqət artırıla bilər. Bu mövzuda müzakirələr aparılacaq və nəticədə bu məhsulların ölkəyə idxalının dayandırılması qərarı verilə bilər”.