Tarixin ən gülməli məhkəmə işləri: Allahın məhkəməyə verilməsi, ölü adamın məhkəməsi...
Cəmiyyət
868
05 Feb 2025 | 17:14

Tarixin ən gülməli məhkəmə işləri: Allahın məhkəməyə verilməsi, ölü adamın məhkəməsi...

"Ədalət mühakiməsinin əsas məqsədi insan hüquqlarını qorumaq, ədaləti təmin etmək, cəmiyyətə nizam-intizam gətirmək və hüquq pozuntusu törətmiş şəxsləri cəzalandıraraq onları islah etməkdir. Lakin tarixdə baş vermiş bəzi məhkəmə işlərinə nəzər salsaq, ədalət mühakməsinin hər zaman ciddi və rəsmi olmadığını, bəzən isə məntiqi sərhədləri aşdığını görə bilərik. Tarixdə bəzən məhkəmələr elə işlərə baxmışlar ki, onlar həm təəccüblü, həm də gülməli olmuşdur.
Allahı məhkəməyə verən senator, özünü məhkəməyə verən məhkum, müəlliflik hüququ tələb edən meymun və hətta ölülərin məhkəməyə çəkildiyi hallar – bütün bunlar hüquq tarixinin qeyri-adi səhifələrində yer alan ən ağılasığmaz işləri olmuşdur"
 

Bu sözləri hüquqşünas Yunis Xəlilov Moderator.az-a açıqlamasında bildirib. 

 

 
"Bəzən hüquq sisteminin boşluqlarını, bəzən isə insan fantaziyasının sərhədsizliyini ortaya qoyan belə işlərdən bir neçəsinə nəzər salmaq istərdim:
 
1. "Allahın məhkəməyə verilməsi"
Bu absurd məhkəmə işi 2008-ci ildə ABŞ-ın Nebraska ştatında baş verib və hüquq tarixində ən qeyri-adi iddialardan biridir. Bu işin arxasında Nebraska ştatının senatoru Ernie Chambers dayanırdı. Belə ki, Ernie Chambers Allahı məhkəməyə verərək, onun milyonlarla insanın ölümünə səbəb olan təbii fəlakətlərin, terror hadisələrinin və müharibələrin təşkilatçısı olduğunu, dünyada qorxu və kütləvi dağıntılar yaratdığını, insanların yaşayış şəraitini təhlükəyə atdığını, müəyyən qruplara qarşı ayrı-seçkilik etdiyini iddia edirdi. O, bu səbəblərə görə məhkəmədən Allahın bu "cinayətlər"də məsuliyyət daşıdığını tanımasını tələb edirdi.
Senator Chambers əslində bu iddianı real bir  hüquqi problemə diqqət çəkmək üçün açmışdı. O, məhkəmə sisteminin bəzi məqamlarını ifşa etmək istəyirdi. Əsas məqsədi isə məhkəmələrin absurd dərəcədə geniş səlahiyyətlərə malik olduğunu göstərmək və məhkəməyə hər kəsə qarşı iddia qaldırmağın mümkünlüyünü sübut etmək idi.
Chambers məhkəməyə müraciət edərkən qeyd etmişdi ki, Allah hər yerdə mövcud olduğuna görə məhkəmə onu tapmaq problemi ilə üzləşməməlidir. Eyni zamanda, Allahın "susqunluğunun" onun günahsızlığını sübut etmədiyini irəli sürmüşdü.
Nəticədə isə işə baxan hakim bu işi formal əsaslara görə rədd etdlmişdir. Məhkəmənin qərarında göstərilmişdir ki, Allah məhkəməyə çağırılsa belə, onun ünvanına yoxdur və onun hüquqi şəxs kimi tanınması mümkün deyil və ona qarşı iddia qaldırmaq məntiqsizdir.
Bununla belə, Chambersin bu iddiası hüquq sisteminin məntiqi sərhədlərini və bəzi hüquqi  absurdluqları ortaya çıxarmışdır. Hadisə o dövrdə ABŞ və dünya mediasında geniş müzakirə olunmuş və hüquq sisteminin qəribəlikləri barədə hüquqşünaslar və siyasətçilər arasında böyük bir rezonansa səbəb olmuşdur.
 
2. "Özünü məhkəməyə verən adam"
1995-ci ildə ABŞ-ın Virginia ştatında qeydə alınan bu qeyri-adi iş hüquq tarixində ən absurd məhkəmə iddialarından biri kimi tanınır. Bu hadisənin mərkəzində cəzaçəkmə müəssisəsindən dəlixanaya getmək niyyətində güdən Robert Lee Brock adlı bir məhkum dayanırdı. Belə ki, o, özü-özünü məhkəməyə verərək öz hüquqlarını pozduğunu və buna görə 5 milyon dollar təzminat tələb etdiyini bildirmişdir. Robert Lee Brock məhkəməyə təqdim etdiyi sənədlərdə iddia edirdi ki, O, öz iradəsinə zidd olaraq içki içmiş və sərxoş vəziyyətdə cinayət törətmişdir. Bunun nəticəsində isə azadlıq  hüququndan məhrum edilmişdir. Iddia ərizəsində o, öz hərəkətləri ilə özünün vicdan azadlığı kimi mühüm konstitusion hüququnu da pozduğunu hesab edir, buna görə də özündən 5 milyon dollar təzminat tələb edirdi.
Işin ən maraqlı məqamı isə bu idi ki, Brock məhkum olduğuna görə özünə heç bir təzminat ödəyə bilmirdi. Buna görə də O, məhkəmədən tələb etdiyi məbləğin dövlət tərəfindən ödənilməsini istəyirdi.
Nəticədə məhkəmə bu iddianı əsassız hesab edərək rədd etmişdir. Hakim qərarında göstərmişdir ki, insan öz hüquqlarını pozduğunu iddia edərək özünə qarşı iddia qaldıra bilməz və bu tip absurd iddialar məhkəmə sisteminin vaxtını boş yerə alır.
Sonralar bu iş hüquq sisteminin necə sui-istifadə oluna biləcəyini göstərən bir nümunəyə çevrildiyindən ABŞ-da absurd iddiaların qarşısını almaq üçün məhkəmələrin daha sərt prosedurlar tətbiq etməsi barədə müzakirələrin başlamasına səbəb olmuşdur.
 
 
3. "McDonald’sın isti qəhvə işi"
McDonald'sı məhkəməyə verməsi ilə başlayan bu hadisə korporativ məsuliyyət, istehlakçı hüquqları və məhkəmə sisteminin sərhədləri barədə böyük müzakirələrə səbəb olmuşdur.
Hadisə belə baş vermişdir: 1992-ci ildə 79 yaşlı Stella Liebeck ABŞ-ın New Mexico ştatında nəvəsi ilə birlikdə McDonald's-ın drive-thru xidmətindən qəhvə alır. Onlar avtomobili dayanacağa çəkir və Liebeck içkisinin üzərindəki qapağı açıb şəkər əlavə etməyə çalışır. Bu zaman isti qəhvə təsadüfən ayaqlarına tökülür. McDonald's-ın qəhvəsi çox isti olduğu üçün onun dərisini ciddi şəkildə yandırır. Liebeck bədəninin 16%-də üçüncü dərəcəli yanıqlar əmələ gəldiyi üçün O, bir neçə dəfəyə dəri transplantasiyası əməliyyatına məruz qalır. Səkkiz gün xəstəxanada qalır və uzun müddət müalicə olunur.
 
Əvvəlcə o, McDonald'sdan sadəcə 20,000 dollar təzminat tələb edir ki, bu, onun tibbi xərclərini qarşılasın. Lakin McDonald's yalnız 800 dollar təklif edir və Liebeck-in şikayətini ciddi qəbul etmir. Bu səbəbdən o, McDonald'sı məhkəməyə verir.
Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, McDonald'sın qəhvəsinin temperaturu qeyri-adi dərəcədə yüksək idi və McDonald's qəhvəni 82-88°C (180-190°F) temperaturunda təqdim edirdi. Halbuki adi ev qəhvələrinin temperaturu 60°C (140°F) və ya daha azdır. Həkimlərin dediyinə görə bu temperaturda maye insan dərisinə dəydikdə cəmi 2-3 saniyə ərzində üçüncü dərəcəli yanıq yarada bilər.
Məhkəmə sənədlərinə əsasən McDonald's qəhvəsi ilə bağlı 700-dən çox şikayət almışdı. Bu hadisələrin bəziləri ciddi yanıqlarla nəticələnmişdi. Lakin bütün bunlara baxmayaraq, şirkət qəhvənin temperaturunu azaltmaqdan imtina edirdi, çünki müştərilərin  evə aparana qədər qəhvənin isti qalmasını istədiyini bildirirdi.
Məhkəmə iclasında McDonald's Liebeckin sadəcə "qəhvəsini ehtiyatsızlıqla tökdüyünü" iddia edirdi, onun tibbi xərclərini ödəmək üçün 800 dollardan artıq pul ödəməyə razı olmurdu. Sonda məhkəmə Liebeckin xeyrinə qərar verərək McDonald'sın 2.7 milyon dollar cərimə ödəməsinə qərar vermişdir. Qeyd edək ki, bu məbləğ həmin dövrdə McDonald'sın cəmi iki günlük qəhvə satışından əldə etdiyi gəlirə bərabər idi. Liebeckin tibbi xərclərinə görə məhkəmə əlavə 200,000 dollar kompensasiya ödənilməsini də qət etmişdir. Lakin daha sonra hakim bu məbləği azaltmış, ümumi təzminat 480,000 dollara endirilmişdir. Nəticədə, McDonald's və Stella Liebeck məhkəmə qərarından sonra gizli bir razılığa gəldillkləririndən iş bağlanmışdır. Bu qeyri-adi məhkəmə işindən sonra McDonald's və digər fast-food şəbəkələri içkilərin  temperaturunu aşağı salmağa məcbur olmuş, istehlakçıların təhlükəsizliyinə daha çox diqqət yetirilməyə başlanılmışdır.
Bundan başqa, qəhvə fincanlarının üzərinə "Diqqət! Çox isti içkidir" xəbərdarlığı əlavə edilmişdir.
 
4. "Ölü adamın məhkəməsi" ("Cadaver Synod")
Bu məhkəmənin mərkəzində Papa Formoz (Papa IX Formosus) dayanırdı. Formoz 891-ci ildə papa seçilmişdi və 896-cı ilə qədər Katolik kilsəsinə rəhbərlik etmişdi. O, Spoleto şəhərinin güclü hersoqları ilə münaqişəyə girmiş və siyasi səbəblərlə düşmən qazanmışdı. 896-cı ildə Papa Formoz öldü və yerinə Papa VI Bonifasi gəldi, lakin o da cəmi 15 gün sonra vəfat etdi. Daha sonra Papa VI Stefan papa seçildi və Spoleto hersoqlarının təsiri altında idi. Bu səbəbdən VI Stefan öz sələfi Formozu xəyanətkar elan etmək qərarına gəldi – hətta onun artıq ölmüş olması belə buna mane olmadı. 897-ci ildə Papa VI Stefan göstəriş verdi ki, Formozun cəsədi məzardan çıxarılsın. Cəsəd Papaların yaşadığı Lateran Sarayına gətirildi və rəsmi bir məhkəmə iclasında mühakimə olundu.
Məhkəmə zalında Formozun çürümüş cəsədi paltar geyindirilib taxta oturduldu. Onun qarşısına rəsmi olaraq Papa olmağa layiq olmadığı, xəyanət etdiyi, katolik qanunlarını pozduğu ittihamları irəli sürüldü. Formoz ölü olduğundan onun adından bir diakon (aşağı rütbəli kilsə ruhanisi) çıxış edirdi. VI Stefan  ölü papanı qışqıraraq təhqir edir, onu xəyanətkar adlandırırdı.
Nəticədə əsasən VI Stefanın tərəfdarları olan məhkəmə heyəti Formozun günahkar olduğunu elan etdi və ona aşağıdakı cəzaları verdi:
1. Onun bütün papalıq qərarları ləğv edildi.
2. Papaya aid olan paltarlar cəsədin üzərindən çıxarıldı.
3. Barmaqları kəsildi. Çünki o bu barmaqlarla  dua etmişdi və Papa rütbəsini icra edirdi.
4. Cəsəd Roma küçələrində süründürüldü.
5. Nəhayət, cəsəd Tiber çayına atıldı.
Qeyd edək ki, bu qəribə və absurd məhkəmə hadisəsi sonralar böyük qəzəbə səbəb olmuşdur və Papa VI Stefana qarşı narazılıq artmışdır. Roma əhalisi onun bu qərarını həddindən artıq qəddar hesab etmiş, nəticədə VI Stefan devrilərək həbs edildildən sonra o, həbsxanada boğularaq öldürülmüşdür.
Yeni Papa IX Teodor Formozun nüfuzunu bərpa etmiş və onun qalıqlarını taparaq yenidən basdırmışdır.
Lakin 904-cü ildə yeni Papa III Serjius yenidən Formozu lənətləyərək məhkəmənin qərarlarını bərpa etmişdir.
Bu hadisə Katolik Kilsəsinin ən qeyri-adi və rüsvayçı hadisələrindən biri kimi tarixə düşmüş, kilsənin daxili münaqişələrinin və siyasi oyunlarının nə qədər aqressiv ola biləcəyini göstərmişdir.
 
5. "Maymunun özünəməxsusluq hüququ işi"
Bu unikal məhkəmə işi bir heyvanın (maymunun) müəlliflik hüququnun olub-olmaması ilə bağlı olmuşdur. İddia Naruto adlı bir makaka maymununun selfi (öz-özünü çəkdiyi foto) ilə bağlı hüquqlara sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyırdı. Belə ki, 2011-ci ildə İngilis fotoqraf David Slater İndoneziyanın Sulavesi adasında yabanı makakaları müşahidə edirdi. Slater kamerasını quraraq bir neçə şəkil çəkmək istəyirdi. Lakin Naruto adlı makaka maymunu kameranı ələ keçirib, düyməyə basaraq öz selfisini çəkdi. Ortaya gülümsəyən və maraqlı ifadəli selfilər çıxdı.
Fotoqraf bu şəkilləri öz kitabına və müxtəlif mənbələrə yerləşdirərək kommersiya məqsədilə istifadə etməyə başladı. Lakin 2014-cü ildə "Wikimedia Commons" bu fotoları müəllif hüququ olmayan şəkillər kimi yayımladı və bildirdi ki, maymun insan olmadığı üçün müəlliflik hüququna sahib ola  bilməz.
Daha sonra 2015-ci ildə PETA (People for the Ethical Treatment of Animals) – Heyvan Hüquqları Müdafiə Təşkilatı ABŞ məhkəməsinə iddia qaldırdı. PETA Narutonun şəkilləri çəkən şəxs olduğunu və müəlliflik hüququnun ona aid olduğunu iddia etdi. Onların məqsədi bu hüququ əldə etmək və gələcək gəlirlərin Narutonun qorunması üçün istifadə edilməsini təmin etmək idi.
David Slater isə bunun əleyhinə çıxdı və bildirdi ki, kamera və bütün şərait ona məxsus olduğu üçün müəlliflik hüququ da ona məxsusdur.
ABŞ məhkəməsi 2016-cı ildə qərar verdi ki, ABŞ müəlliflik hüququ qanunlarına əsasən yalnız insanlar müəllif hüquqlarına sahib ola bilər. Heyvanların və ya digər qeyri-insani varlıqların müəllif kimi tanınması mümkün deyil. Bir il sonra, yəni 2017-ci ildə Slater və PETA arasında barışıq əldə olundu. Razılaşmaya görə David Slater əldə etdiyi  gəlirin 25%-ni heyvanların qorunması üçün bağışlayacağını vəd etdi. Bununla da PETA öz iddiasını geri götürdü, lakin heyvan hüquqları məsələsini gündəmdə saxladı.
Heyvanların hüquqları və intellektual mülkiyyət sahəsində presedent yaratdı.
Bəzi hüquqşünaslar və heyvan haqları müdafiəçiləri bu məhkəmə işini heyvanların hüquqi şəxs kimi tanınması istiqamətində atılmış ilk addım kimi qiymətləndirdilər.
Bununla belə, məhkəmə qərarı təsdiq etdi ki, hüquq sistemlərində müəllif hüquqları yalnız insanlara aid edilə bilər.
 
6. ABŞ-da iştirakçılıqla törədilən cinayət hadisəsinə görə məhkumun öz həmkarına dəymiş zərərə görə kompensasiya tələb etdiyi məhkəmə işi 
Hadisə 2016-cı ildə ABŞ-ın İllinoys ştatında baş vermişdi. İki cinayətkar—James Hill və Charles Foster—birlikdə bir silahlı soyğunçuluq planı hazırlamışdılar. Onlar kiçik  bir mağazanı qarət etməyi planlaşdırırdılar.
Soyğun zamanı Charles Foster plan üzrə hərəkət etmək əvəzinə, gözlənilmədən James Hillin ayağına atəş açmışdır.
Bu fürsətdən yararlanan mağaza sahibi polisə siqnal verə bilmiş, nəticədə Hill yerindəcə yaxalanmış, Foster isə qaçmağı bacarmışdı.
James Hill həbs olunaraq həmin cinayəti törətdiyinə görə görə məhkum edilmişdir. O, həbsdə olduğu müddətdə öz “həmkarı”na qarşı məhkəmə iddiası qaldırmışdır.
James Hill məhkəməyə verdiyi iddiada bildirmişdi ki, Foster ona silahı düzgün idarə etmədiyi üçün atəş açıb və ona fiziki zərər yetirib və beləliklə, ona qarşı ehtiyatsızlıqla davranıb və cinayətin uğursuzluğuna səbəb olub. Bundan əlavə, ayağından aldığı güllə yarası səbəbindən şikəst olub və həbs müddətində əlavə çətinliklərlə üzləşib. Hill məhkəmədən tibbi xərclər və mənəvi zərərə görə maddi kompensasiya tələb etsə də, məhkəmə bu işə absurd bir iddia kimi  baxaraq iddianı rədd etmişdir. Belə ki, hakim belə bir iddianın hüquq sistemi tərəfindən nəzərə alınmayacağını vurğulamış və bildirmişdir ki, cinayət fəaliyyətində iştirak edən bir şəxs digər cinayətkarın ona ziyan vurmasına görə kompensasiya tələb edə bilməz. Cinayət fəaliyyəti zamanı baş verən zərər hüquqi baxımdan məsuliyyət yaratmır.
Sonralar bu məhkəmənin qərarı həm hüquqşünaslar, həm də media tərəfindən geniş müzakirələrə səbəb olmuşdur.
Bu iş həmçinin ABŞ hüquq sistemində “cinayətkarın hüquqları” məsələsini gündəmə gətirmişdir.
 
Beləliklə, haqqında söhbət açdığımız bu absurd məhkəmə işləri hüquq sisteminin qeyri-adi hallarda necə işlədiyini və bəzən insan təfəkkürünün sərhədlərini necə zorladığını göstərir. Hər nə qədər bu cür işlər gülməli və ya təəccüblü görünsə də, paradoksal haldır ki, onlar hüquq sisteminin  və cəmiyyətin inkişafında əhəmiyyətli rol oynamışdır. Bu tip məhkəmələr hüququn mürəkkəbliyini və bəzən həqiqət və ədalətə gedən yolun nə qədər dolambaçlı ola biləcəyini gözlər önünə sərie. Bütün bunlar isə qanunun yalnız cəmiyyətin qarşılaşdığı ən ciddi problemləri deyil, eyni zamanda ən qəribə və gülməli vəziyyətləri də həll etməyə çalışdığını ortaya qoyur".
Link kopyalandı!
Son xəbərlər