“Bu günə kimi Lütfi Zadə kimi sadə insan tanımamışam. Onun yaşayış tərzi də, evi də, rəftarı da sadə idi".
Bunu Teleqraf.com-a açıqlamasında Lütfi Zadə ilə yaxın münasibətləri olmuş, onunla birlikdə fəaliyyət göstərmiş texnika elmləri doktoru, professor Rafiq Əliyev deyib: “Mən indi Lüfi Zadənin məzarını ziyarətə gəlmişəm. Lütfi Zadə bütün zamanların dahisidir. Onun üçün zaman anlayışı yoxdur. Elm tarixində iki növ alimləri fərqləndirirlər. Romantik alimləri və klassik alimləri. Romantik alimlər ideya genaratorlarıdırlar, onlar ideya təqdim edirlər. Bu ideya ətrafında on illiklər, yüzilliklərlə işlənilir, yeni nəzəriyyələr verilir. Klassiklər isə bu ideya üstündə bir bina tikirlər, o ideyaları həyata keçirilər. Lütfi Zadə özünün 6 məşhur nəzəriyyəsi ilə demək olar ki, bütün dünya elmini dəyişdirdi. Onu çox məşhurlaşdıran nəzəriyyə qeyri-səlis məntiq nəzəriyyəsidir. Lütfi Zadə bu nəzəriyyə ilə riyaziyyatı dəyişdirdi. Bu baxımdan qeyri-səlis məntiq bütün elmləri dəyişib. Bu gün dünya kitabxanalarında o cümlədən, mənim kitabxanamda qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis psixologiya ilə bağlı kitablar yer alır. Bu nəzəriyyə bütün elmləri dəyişə bildi, çünki dil dəyişdi”.
Rafiq Əliyevin sözlərinə görə onun Lütfi Zadə ilə əsas tanışlığı 1980-ci illərə təsadüf edir: “1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasında İdarəetmə Problemləri İnstitutunda aspirantura təhsili alırdım. Lütfi Zadə də 1964-ci ildə Moskvaya gəlmişdi. Bizim məşhur professorlardan biri mənə dedi ki, “Rafiq, sənin yerlin burdadır, onunla tanış ol”. Lütfi Zadə 1964- ci ildə hələ o qədər də məşhurlaşmamışdı. İlk tanışlığımız orada oldu, lakin bu ötəri tanışlıq idi. Əsas tanışlığımız ABŞ-da qeyri-səlis məntiq üzrə keçirilən ümumdünya konqresdə baş tutdu. Konqresdə onun həyat yoldaşı Ley Zadə də iştirak edirdi. Bu görüşdən sonra bizim birgə fəaliyyətimiz başlandı. Birlikdə bir neçə layihələr etdik. Dünyasının dəyişməzdə 8-9 ay öncə mənə dedi ki, bu qədər birlikdə işləmişik, gəl bir kitab yazaq, iki hissədən ibarət olsun. Birinci hissəni ikimiz yazaq, ikinci hissədə isə dünya ekspertlərinin fikirləri olsun. 600 səhifəlik kitab çap olundu. Təəssüf ki, özü bunu görmədi. Ancaq mən hesab edirəm ki, onlarla kitab içərisində mənim üçün ən əziz kitab Lütfi Zadə ilə birgə yazdığımız “Qeyri-səlis məntiq nəzəriyyəsi və tətbiqi” kitabıdır. Dahi odur ki, öz zəmanəsini 100-150 il qabaqlasın. Onun nəzəriyyələri yüz illər boyu yaşayacaq. Lütfi Zadənin böyüklüyü onun sadəliyi qədər idi. Mən həyatımda Lütfi Zadə sadə bir insan görməmişəm. Onun yaşayış tərzi də, evi də, rəftarı da sadə idi. Onun evi orta statistik azərbaycanlının evindən daha aşağı səviyyədə idi. Ancaq o, elmdə heç bir güzəştə getmirdi. Azərbaycana çox bağlı idi”.
Qeyd edək ki, fevralın 4-ü dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) doğum günüdür. Lütfi Zadə “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi”, “Soft kompyutinq” kimi nəzəriyyələrin müəllifidir. Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişmişdir. Dünya şöhrətli alim I Fəxri Xiyabanda dəfn olunub.