Prezidentliyə keçmiş namizəd vəfat etdi
Cəmiyyət
355
15:12, Bu gün

Prezidentliyə keçmiş namizəd vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov ömrünün 75-ci ilində vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
 
Məlumat üçün bildirək ki, İsaqov Qüdrət İsaq oğlu 2 iyun 1950-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində ziyalı ailəsində anadan olub. 1957-1967-ci illərdə Qazax rayon Aslanbəyli kənd orta məktəbində təhsil alıb, 1968-1972-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
 
1973-1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunun aspirantı olub, 1976-cı ildən institutda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində işləyib, 2021-ci ildən 3.1 saylı “Darzolaqlı yarımkeçiricilər və yüksəktemperaturlu ifratkeçiricilər” laboratoriyasının rəhbəri olub. 1980-ci ildə “Nadir torpaq elementləri ilə aşqarlanmış İnSb və GaSb yarımkeçiricilərində kinetik effektlər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. Q.İ.İsaqovun iştirakı ilə öyrənilən yarımkeçirici-ifratkeçirici metal evtektik kompozisiyasında Çozefson effekti 1986-cı ildə Sovet elminin mühüm nailiyyətləri sırasına daxil edilib.
 
2005-ci ildə “Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi, 2018-ci ildə professor elmi adını almışdır. 3 namizədlik və 1 doktorluq dissertasiyasının elmi rəhbəri olub, 2009-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının fizika üzrə ekspert şurasının üzvü olub.
 
Q.İ.İsaqov yarımkeçiricilər fizikası, yarımkeçirici-metal, yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda klassik və kvant elektron prosesləri, günəş energetikası, ekologiya və s. sahələrdə 100-ə yaxını xaricdə dərc olunmaqla 150-dən çox elmi məqalələrin və 3 ixtiranın müəllifi idi.
 
Qeyd edək ki, Qüdrət İsaqov 2013-cü ildə prezident seçkilərində prezidentliyə namizəd olub.
Link kopyalandı!
Son xəbərlər