Deputatdan süni intellektlə bağlı mühüm təkliflər
Cəmiyyət
413
13:49, Bu gün

Deputatdan süni intellektlə bağlı mühüm təkliflər

Deputat Azay Quliyev yaz sessiyasının qanunvericlik fəaliyyət planına təkliflərini səsləndirərkən diqqəti süni intellekt haqqında qanunun qəbulu zərurətinə yönəldib.
 
Moderator.az xəbər verir ki, onun sözlərinə görə, süni intellektin iqtisadi, sosial, tibb, təhsil və digər sahələrdə gətirdiyi misilsiz üstünlüklər və faydaları, o cümlədən texonoloji yenilikləri ilə yanaşı, hər birimiz üçün yaratdığı çoxlu sayda riskləri də var ki, bunları tənzimləmək üçün yeni qanunların qəbuluna və qaydaların tətbiqinə ciddi ehtiyac var:
 
“Məsələn, süni intellekt tətbiqləri tərəfindən insanlar haqqında məlumatların, o cümlədən onların irqinin, siyasi baxışlarının, dini və ya fəlsəfi inanclarının, üz tanınma görüntülərinin toplanaraq analiz edilməsi bu məlumatların manipulyasiya edilməsinə şərait yaradır. Bu gün insanın tibbi müalicə alıb-almamağını, işə qəbul edilməyi və ya mənzil üçün kredit götürməyinisüni intellekt sistemləri asanlıqla müəyyən edə bilir. İstifadə olunan alqoritmlər, rəqəmsal dünyada insanların seçimlərini, davranışlarını və hətta emosiyalarını təhlil edərək, şəxsiyyətin özünü belə təhrif edə bilər”.
 
Azay Quliyev qeyd edib ki, süni intellektin manipulyasiya edilməsi, məlumatların oğurlanması və ya alqoritmaların yanlış tətbiqi kimi təhdidlər ciddi təhlükələr yaratmaqdadır:
 
“Məhz bu səbəbdən artıq ayrı-ayrı ölkələr süni intellektin etik, təhlükəsiz və şəffaf şəkildə istifadə olunmasını təmin etmək məqsədilə müxtəlif qanunlar və ya xüsusi qaydalar qəbul edirlər. Təqdirəlayiq haldır ki, bu il yanvarın 16-da Azərbaycanda “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib və süni intellekt strategiyası hazırlanmasına başlanılıb. Azərbaycanda əsasən rəqəmsal transformasiya, məlumat təhlükəsizliyi və innovasiya siyasətini əhatə edən “Elektron imza və elektron sənəd haqqında” Qanun (2004), “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” Qanun (2010), “Elektron hökumət haqqında” Fərman (2018), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun (1998), “Fərdi məlumatlar haqqında” Qanun (2010) mövcuddur.
 
Lakin bu qanunlar bəziləri 1998-ci ildə, bəziləri isə sonrakı illərdə qəbul edildiyindən hər gün inkişaf edən süni intellekt texnologiyasında qaynaqlanan yeni çağırışlara və ya tələblərə tam cavab vermir. Məsələn, “Fərdi Məlumatlar haqqında” Qanunu süni intellektin şəxsi məlumatları necə emal etməsini spesifik olaraq tənzimləmir. Qanunvericlikdə olan bu boşluq şəxsi həyatın toxunulmazlığına təhlükə yarada bilər.
 
Digər tərəfdən, süni intellekt sistemlərinin verdiyisəhv qərarlar (məsələn, səhv diaqnoz, yanlış hüquqi qərarlar və s.) nəticəsində zərər çəkmiş şəxslərin hüquqi müdafiə mexanizmlərinin hazırkı qanunvericilikdə tam olaraq tənzimlənmir”.
 
A.Quliyev bildirib ki, süni intellekt texnologiyalarından istifadə edərək saxta xəbərlərin və deepfake materiallarının yayılması, ictimai rəyə və seçkilərə təsir göstərilməsinə görə məsuliyyətin qanunvericlikdə tam və birmənalı əks olunmasına ehtiyac var:
 
“Süni intellektin tətbiqi nəticəsində iş yerlərinin azalması və işçilərin hüquqlarının qorunmamasına görə hər hansı hüquqi mexanizm mövcud deyil. Ona görə də “Əmək Məcəlləsi”nə əlavələr edilərək süni intellektin təsirinə məruz qalan sahələrdə işçilərin yenidən ixtisaslaşmasına dəstək proqramları yaradılmalıdır. İşəgötürənlər üçün süni intellektdən istifadəyə dair etik və hüquqi qaydalar müəyyən edilməlidir. Bu baxımdan Azərbaycan qanunvericliyində Süni İntellekt tərəfindən yaradılan məzmunun manipulyasiya, aldatma və dezinformasiyaya görə sərt cəzalar, o cümlədən böyük məbləğdə cərimələr və cinayət məsuliyyəti nəzərdə tutulmalıdır”.
 
Deputat təkliflərini irəli sürüb:
 
“Şəxsi məlumatların qorunmasıgücləndirilməlidir. Süni intellektin səhvlərinə görə məsuliyyət müəyyən edilməlidir. İş yerlərinin qorunması üçün yeni əmək qanunları qəbul edilməlidir. Deepfake və dezinformasiyaya qarşı tədbirlər görülməlidir. Avtomatlaşdırılmış qərarların şəffaflığı təmin olunmalıdır. Ona görə də “Süni İntellekt haqqında” xüsusi qanununun qəbuluna və mövcud qanunların süni intellektin yaratdığı risklərə qarşı ekspertiza edilməsinəvə müvafiq uyğunlaşdırmalara aparılmasına ciddi ehtiyac var. Yaxşı olar ki, Milli Məclisin müvafiq komitə və komissiyaları yaz sessiyası müddətində bu məslələri diqqətdə saxlasın.
 
Digər tərəfdən, Süni intellektin qlobal səviyyədə yaratdığı yeni gərgin mübarizənin yaradacağı təlatümlara da hazır olmalıyıq. Məlum olduğu kimi Trampın ABŞ Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdə süni intellektin inkişafına və tənzimləməsinə həsr olunan “Star Gate” adlandırdığı layihəyə 500 milyard dolar vəsait ayırdı.
 
Məqsəd qlobal rəqabəti qazanmaq və Çin üzərində üstünlük əldə edilməsinə nail olmaqdır. Artıq ekspertlər haqlı olaraq süni intellekt müharibəsinin başlandığını və bu müharibənin soyuq müharibədən daha amansız olacağını söyləyirlər. Bir çox ölkələr qlobal savaşda özlərini ən azı müdafiə etmək üçün qanunvericliklə yanaşı bir sıra institusional qərarlarda qəbul ediblər. Məsələn, Birləşmiş Ərəb Əmirliyində Süni İntellekt Nazirliyi, Avropa İttifaqında Süni İntellekt Ofisi yaradılıb. Əminəm ki, Azərbaycanda hazırlanacaq süni intellektual strategiyasında dünyada tərbiq olunan bütün yeniliklər nəzərə alınaca və milli maraqlarımıza uyğun bütün addımlar atılacaq”.
Link kopyalandı!
Son xəbərlər