Bizi sosial şəbəkələrdən izləyin:
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasına ağır itki üz verib.
ƏHD Partiyasının Baş katibi, Milli Azadlıq Hərəkatının fəal üzvlərindən və hərəkatın lideri Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri - Yaşar Kələntərli 2025-ci il fevralın 1-də, 66 yaşında ürəktutmasından qəfil vəfat edib.
Yaşar Kələntərli 31 dekabr 1959-cu ildə Bakı şəhərində anadan olub.
1977-82-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1985-ci ildə Azərbaycan neft sənayesində əmək fəaliyyətinə başlayıb. 1993-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub, 1993-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) və Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) müxtəlif məsul vəzifələrdə çalışıb.
1998-2001-ci ildə Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Bütöv Azərbaycan Birliyinin (BAB) təşkilat şöbəsinin müdiri olub.
2000-2002-ci illərdə parçalanmış AXCP-nin bütövləşmə prosesində xüsusi rol oynayıb.
2002-ci ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qurulmasında fəal iştirak edib, həmin ildən partiyanın təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
2008-ci ildən təşkilati məsələlər üzrə partiya sədrinin müavini, 2016-cı ildən 2024-cü ilin martına qədər BAXCP-nin və dünyasını dəyişən tarixə qədər ƏHD Partiyasının Baş katibi vəzifəsində çalışıb.
Tanınmış siyasi xadim, ziyalı, səmimi və mehriban insan Yaşar Rəşid oğlu Kələntərlinin xatirəsi partiyadaşlarının və onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!