Bizi sosial şəbəkələrdən izləyin:
“Televiziyalardan hər zaman böyük diqqət görmüşəm. İstər özəl, istərsə də dövlət kanallarına dəvət alıram. Bilirsiniz ki, mən filarmoniyada çalışıram. İşə-gedib gəlirəm, üstəlik də yollardakı tıxaclar bizi əldən salıb. Bir verilişə gedib çatana qədər çox narahat oluram. Ona görə də çox görünmürəm”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib. O daha sonra əlavə edib:
“Hansı sənət adamı ilə söhbət edirəmsə hamısı bundan şikayətlənir. Heç kimin ruh vəziyyəti əla deyil. Yenə də bu günümüzə şükürlər olsun. Sənətimlə məşğulam. Bir reallıq da var ki, hər efirdə sənət, yaradıcılıq təbliği baxımından narazılıqlar var. Çünki sənətdən əlavə başqa məsələlər işıqlandırılır. Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır. Ona görə də seçim edib gedirəm. Bütün aparıcıların mənə diqqəti, dəyəri çox-çox yaxşı olub. Bir-iki yeni işlərimi görüm, sonra efirlərdə də çox olacam. Çox çıxmaq da mənim xarakterimə, xasiyyətimə uyğun deyil” deyə sənətkar bildirib.
Almaz Orucova bildirib ki, texnikanın inkişafı insanları bir-birinə yadlaşdırıb:
“Zəmanə dəyişilib. İnsanlar arasında ünsiyyətdən çox internet, onlayn sistem hökm sürür. Mən yaşda olan insanlar üçün bu çox sıxıcıdır, qəbuledilməzdir. Öz uşağlığımı yadıma salıram. Biz nə qədər xoşbəxt idik. Xoşbəxtlikdən söhbət saçan mən deyirəm ki, yaşadığım illər, oxuduğum məktəb illəri, bütövlükdə ailəmiz, qohumlarımız, qonşularımız, yaşadığımız insanlar və mühit çox xoşbəxt idi. Bu gün həyatda çox şeylər asanlaşıb. Əlçatmaz dediyimiz nələrisə rahat şəkildə əldə edə bilirik. Bunlar çoxaldıqca da insanların bir-birinə qarşı mehriban münasibəti, ünsiyyəti azalır. Getdikcə də azalacaq. Hər şey var, amma sən o xoşbəxtliyin özü yoxdur” deyə Almaz Orucova deyib.