Ağcabədidə əl qumbarasının partlaması zamanı həlak olan ailə üzvləri dəfn edilib.
Moderator.az "Trend”ə istinadən xəbər verir ki, hadisə qurbanları Şamiq Quliyev, Bəhruz Quliyev və Natiq Quliyev ailənin yaşadığı Hindarxda qəsəbə qəbiristanlığında dəfn edilib.
Babası evinə Bərdə rayonunun Əmirli kəndindən qonaq gələn Məhəmməd və Murad Məmmədli qardaşları yaşadıqları kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Ailənin digər üzvləri Ülviyyə Məmmədli (Məhəmməd və Muradın anası - red.) və Aysun Quliyevanın müalicəsi xəstəxana şəraitində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Xatırladaq ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub. Onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir:
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.