"Buna cəhd edənlər rüsumlarla salamlaşmalı və Amerika ilə vidalaşmalı olacaq..."
ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrini dollardan imtina edəcəkləri təqdirdə 100 faizlik gömrük rüsumları ilə hədələyib.
Moderator.az xəbər verir ki, bu barədə o, "Trump Social" sosial şəbəkəsində yazıb. Məlumatı "svoboda.org" nəşri yayıb.
Tramp bildirib ki, Amerika BRİKS-ə daxil olan "düşməncəsinə mövqe tutmuş ölkələrdən" yeni valyuta yaratmamaq və ya ABŞ dollarını əvəzləmək üçün başqa valyutaya dəstək verməmək barədə öhdəlik tələb edəcək.
"Əks halda onlar 100 faizlik gömrük rüsumları ilə üzləşəcək və ABŞ-ın möhtəşəm iqtisadiyyatına ixracdan imtina etməli olacaq. Heç bir halda BRİKS beynəlxalq ticarətdə və ya başqa bir yerdə ABŞ dollarını əvəz edə bilməz. Hər hansı bir ölkə bunu etməyə cəhd etsə, rüsumlarla salamlaşmalı və Amerika ilə vidalaşmalıdır!" - Tramp yazıb.
Donald Tramp 2024-cü ilin noyabrında, ABŞ prezident seçkilərində qələbə qazandıqdan dərhal sonra BRİKS-in vahid valyuta yaratmaq planına qarşı gömrük rüsumları tətbiq etməklə hədələyib və demək olar ki, eyni ifadələri işlədib: "Onlar gedib başqa bir "axmaq" tapa bilər. BRİKS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil!" - Tramp bildirib.
"Kreml Trampa BRİKS-in gündəliyini "öyrənməyi" tövsiyə edib..."
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın BRİKS-ə qarşı ittihamlarına cavab olaraq bildirib ki, bu beynəlxalq blokun vahid valyuta yaratmaq niyyəti yoxdur və heç vaxt belə müzakirələr aparılmayıb.
"BRİKS çərçivəsində vahid valyutanın yaradılması müzakirə olunmur. Nə əvvəllər müzakirə olunub, nə də indi. BRİKS-də yeni birgə investisiya platformalarının yaradılması və üçüncü ölkələrdə qarşılıqlı investisiyalar haqqında danışılır", - Peskov vurğulayıb. O, Trampa BRİKS-in gündəliyini daha ətraflı izah etmək üçün ekspertlərə müraciət etməyi tövsiyə edib.
Lakin bu iddialar Kremlin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. 2023- cü ildə Rusiya maliyyə naziri Anton Siluanov bildirib ki, BRİKS ölkələri dollara alternativ vahid hesablaşma vahidinin yaradılmasını nəzərdən keçirir. Bu məsələ həmin ilin Yohannesburq sammitində də müzakirə olunub.
2024-cü ildə "Valday" forumunda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin BRİKS ölkələrinin iqtisadiyyatlarının belə bir valyutaya hələ hazır olmadığını bəyan edib.
Bundan öncə, sentyabr ayında keçirilən Şərq İqtisadi Forumunda Putin Rusiyanın dollarsızlaşdırmağa can atmadığını vurğulayıb: "Biz dollarla hesablaşmalardan imtina etməmişik. Bizə imkan vermədilər və sadəcə, başqa yollar axtarmağa məcbur olduq."