Bəzən gül satır, bəzən də qul bazarına fəhlə kimi gedir – 59 yaşlı maştağalı ilə SÖHBƏT
Cəmiyyət
297
18:44, Bu gün

Bəzən gül satır, bəzən də qul bazarına fəhlə kimi gedir – 59 yaşlı maştağalı ilə SÖHBƏT

Bəhruz Vəliyevin 59 yaşı var. O, "8-ci km" bazarı adlanan ərazidə gül satır. İki qız atası olan B.Vəliyev deyir ki, əslən Salyan rayonundan olsa da, ömrünün böyük hissəsini Maştağada keçirib, hazırda da orada yaşayır. Ailəsini də 6 sot torpağında əkib becərdiyi gülləri satmaqla dolandırır.
 
Musavat.com-un əməkdaşı Bəhruz Vəliyevlə söhbətləşib.
 
- Qızlarım ailəlidirlər, bizə yaxın yaşayırlar. Həyat yoldaşım nəvələrimə baxır. Həmişə qızılgül, tülpan və nərgizgülü satmaqla dolanmışam. İndi gül satmaqla dolanmaq çətindir. Hər gün bu bazara gəlirəm, küçədə dayanıb güllərimi satıb sonra evə gedirəm. 100-150 gül dəstəsini avtobusla gətirirəm ki, çox xərcim çıxmasın. Avtobusa 70 qəpik verirəm. Taksi ilə gəlsəm, pulum çox çıxar.
 
Hər gün 15-20 gül dəstəsi satıram, satılmayanı isə evə aparıram, səhəri gün yenidən satışa çıxarıram. 1 manata satıram, çünki öz malımdır. Həm də baha versəm, alan olmayacaq. Nərgizgülünü becərməyə nə var ki, o biri güllərin gərək nazı ilə oynayasan.
 
“Alver” olmayanda isə qul bazarına gedirəm. Fəhləlik edirəm, nə olsa işləyirəm də...
 
- Gülçülük o qədər də fiziki güc tələb etmir, amma bu yaşda fəhləlik etmək yəqin ki, çətindir.
 
- Gül satmaq ona baxanda asandır. Amma nə edim, nəsə edib dolanmalıyam da. Səkkizinci sinfə qədər oxumuşam, təhsilim də yoxdur. Əslində gül satmağın da öz çətinliyi var. İstidə, soyuqda küçədə saatlarla ayaq üstə oluram. Çörək pulu aparmalıyam da. Evə gedəndə bir-iki mal alıram, pul qurtarır. Ona görə bir gün də olsa işdən qalma şansım yoxdur.
 
- Gün ərzində nə qədər gəlir götürə bilirsiniz?
 
- 18-20 manat. Elə vaxt da olur ki, 10 manat qazanıram. Mən olmasam, ailəyə kim baxar. Pul ən çox qazla, işığa gedir. Həyət evində yaşayıram, qaza pul çox gedir.
 
- Rayona qayıtmağı düşünürsünüzmü?
 
- Oraya getsəm, nə işlə məşğul olaram, acından ölərəm. Gözümü açandan gül əkib satmışam. Gözümüz səxavətli müştərilərin əlində qalır. Bir də görürsən ki, gəlib 10 manat verib 10 dəstə alırlar. Bu da nadir hallarda olur. Gülçülük yaxşı sənətdir, amma gərək yerin ola ki, durub satasan. Küçə satışı ağırdır.
 
Link kopyalandı!
Son xəbərlər