Əhalidə kənd məhsulu mifi: 35 manata bir vedrə qaymaq olar?.. – ARAŞDIRMA
Cəmiyyət
465
16:03, Bu gün

Əhalidə kənd məhsulu mifi: 35 manata bir vedrə qaymaq olar?.. – ARAŞDIRMA

Ölkəmizdə sosial şəbəkələr vasitəsilə qaymaq satışı həyata keçirilir. "Qaymaq satışı Könül" adlı sosial şəbəkədə təbii qaymaq kimi təqdim olunan bu məhsulun 7 kiloluq vedrələrdə 35 manata satıldığı bildirilir. Ekspertlərin sözlərinə görə, bu qiymətə təmiz qaymağın hazırlanması mümkünsüzdür. Üzərində nə tərkibi, nə mənşəyi, həmçinin hansı müəssisədə istehsal olunmasıyla bağlı heç bir məlumat yazılmayan məhsulun alıcıları az deyil, reklamına isə tanınmış şəxslər qoşulub.
 
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov həmin qaymaqların bir çox yağların qarışımından və üzsüz süddən hazırlandığını deyir: “Yalnız naşı istehlakçı internet üzərindən belə məhsul alar. Onlayn satışı həyata keçirilən dərmanların, qidaların 70 faizi saxta olur. Bu qaymaqlar da saxtalıq nümunəsidir. Onları naməlum, vaxtı keçmiş bitki yağların, marqarinlərin üzsüz südlə qarışdırmaqla hazırlayırlar.
 
Daha sonra həmin qaymaqlardan yağ "düzəldirlər". Bu cür məhsulları adətən bazarlarda, ara dükanlarda satırlar. Ciddi marketlər şəbəkəsində belə məhsullara rast gəlməzsiniz. Çünki Qida Təhlükəsizliyi Agentliyi onlara nəzarət edir".
 
"Təbii məhsulu saxtasından ayırmaq asan deyil"
 
Eyyub Hüseynovun sözlərinə görə, əhali arasında kənd məhsullarıyla bağlı mif var:
 
“Halbuki kənd məhsulları da çox təhlükəli, məsələn, bruselyoz, qarayara kimi xəstəliklərin daşıyıcısı ola bilər. Son 8 ilin araşdırmalarına əsasən deyə bilərəm ki, kənddə hazırlanan yağların, qaymaqların vaxtı keçmiş marqarinlərdən, utilizasiya olunmalı yağlardan hazırlandığı aşkarlanıb. İnsanlara onları kənd məhsulu adı altında satırlar. Belə saxta "təamlar"ı təbii məhsuldan ayırmaq heç də asan deyil”.
 
 
Qida eksperti Məhsəti Hüseynova saytımıza açıqlamasında təbii qaymağı neçə seçməyin yollarını izah edib: “Təbii qaymaq süd məhsuludur. Tez xarab olmağa meyilli olduğuna görə yüksək risk qrupuna daxildir. Təbii qaymaq yüksək yağ tərkibli məhsul olduğuna görə saxlama temperaturuna, sanitar-gigiyenik qaydalara əməl edərək hazırlanmalıdır. Bu qaydalara riayət olunsa, əlbəttə, keyfiyyətli olacaq.
 
Təbii qaymağın nisbətən yumşaq, kreməbənzər və özünəməxsus şirinliyi olmalıdır. Rəngi bəzən sarıya çalır və ya ağ olur. Bu, südün rənginə görə dəyişə bilir. Hansı fəsildə heyvan daha çox yaşıl otla qidalanırsa, südün tərkibinə sarı rəng verən maddələr daha çox olur. Eyni zamanda qaymağı çırpmaqla, qarşıdırmaqla, yoğurmaqla yağ əldə edilə bilər. Amma daha keyfiyyətli yağ - qaymağı çırpmaqla əldə olunan yağdır”.
 
Ekspert bildirib ki, qaymağın saxlanılması və satışı zamanı mütləq soyuq qida zənciri prinsipinə riayət olunmalıdır:
 
“Çünki əgər saxlanılmasında, daşınmasında hər hansı temperatur dəyişikliyi olarsa, qaymaq tez xarab olacaq. Xüsusən, otaq temperaturunda uzun müddət qaldıqda rənginin dəyişməsi, turşuması, tərkibinin dəyişməsinin insan sağlamlığına zərəri var. O da özünü anidən göstərmir, uzun müddət sonra mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxarır.
 
Bu kimi məhsulları alarkən üzərində tərkibi və mənşəyi ilə bağlı məlumatlara diqqət yetirmək lazımdır. İstifadə edilən xammalın həqiqətən keyfiyyətli olduğuna əminlik gərəkdir. Heyvan mənşəli qidalara isə xüsusi fikir verilməlidir. Həmin heyvan baytar nəzarətindən vaxtı-vaxtında keçibmi, bu məhsulları hazırlayan insanların mütəmadi olaraq tibbi baxışdan keçməsi həyata keçirilibmi - bütün bunları bilmək önəmlidir.
 
Məhsullar əsasən şüşə və qida üçün nəzərdə tutulan birdəfəlik plastik qablarda saxlanıla bilər. Hava ilə təmasdan qaçılmalı, ağzı möhkəm formada saxlanmalıdır. Eyni zamanda, yaxşı olar ki, -4 dərəcə soyuducuda saxlanılması təmin olunsun. Əgər uzun müddətə saxlamaq lazım gələrsə, mənfi 18 dərəcədə donduraraq saxlanmalıdır”.
 
 
Nəzarətə götürüldü
 
Onlayn satışı həyata keçirilən məhsullarla bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirdilər ki, qeyd olunan məsələ nəzarətə götürülüb:
 
“Agentlik tərəfindən süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi, o cümlədən istehlakçı hüquqlarının müdafiəsi məqsədilə mütəmadi olaraq, satış şəbəkələrində yoxlama-nəzarət tədbirləri həyata keçirilir. Məhsullardan nümunələr götürülərək laborator analizlərə cəlb edilir və qanunamüvafiq tədbirlər görülür.
 
İstehlakçılardan xahiş edirik ki, qida məhsulları ilə bağlı şübhəli hallarla qarşılaşdıqda, mütləq şəkildə həmin satış şəbəkəsinin dəqiq ünvanı, məhsulun qəbzi və digər məlumatları konkret faktlarla Agentliyin 1003 qaynar xəttinə zəng vuraraq və ya “E-Qidam” mobil tətbiqi vasitəsilə bildirsinlər. Məlumat daxil olduqdan sonra dərhal araşdırmalar aparılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir”.
Link kopyalandı!
Son xəbərlər