"Azərbaycan Prezidenti “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Bu baxımdan proqramıın icrası nəticəsində şəhərdaxili sıxlığın azaldılması və ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artırılması hədəflənir".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, proqramda diqqəti çəkən əsas məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır:
“Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi) özündə ehtiva edir. Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mobilliyinin gücləndirilməsi kimi tədbirlərlə yanaşı, piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur”.
Komitə üzvü bildirib ki, proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı, tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirləri də nəzərdə tutur:
“Beləki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir”.
Vüqar Bayramov vurğulayıb ki, inkişaf etmiş ölkələrdə olduğu kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur:
“Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir. Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin Sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur. Bu, o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur”.